Baş verənlər ermənipərəst dairələrin Cənubi Qafqazda qarşıdurmaya nə dərəcədə ehtiyac duyduğunu göstərir
Ermənistanda revanşizm əhval-ruhiyyəsi artmaqdadır. Son günlər Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması, Hindistandan alınan raketlər, Yunanıstanın "S 300" raket komplekslərini Ermənistana vermək niyyəti ilə bağlı xəbərlər, yeni müharibəyə hazırlıq görülməsi ehtimalları da revanşizmin güclənməsinin bariz əlamətləridir. Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görür ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət gündən-günə pisləşir, Rusiya isə irəliləyir. Buna görə də Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür. Avropa İttifaqının "müşahidə missiyası"nın Azərbaycan barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi də İrəvanın cəsarətləndirir. Nəticə etibarı ilə Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına gətirib çıxarır. Bununla paralel Nikol Paşinyanın reytinqi də getdikcə aşağı düşür. Görünür, məhz bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı yaranıb. Ermənistan hakimiyyəti bu "yeniliyi" hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa "qələbə" qazanmaqda görür.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov "Sherg.az"a deyib ki, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qalib gələrək erməni faşizminə ağır zərbə vursa da, bu gün də ölkəmizə qarşı müəyyən təhdidlər davam edir. Ekspert vurğulayıb ki, Ermənistanla yanaşı bəzi məkirli qüvvələr, Fransa kimi dövlətlər Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlıdır:
"Bu məqsədlə anti-Azərbaycan qüvvələri, imperialist güclər Ermənistana çoxlu silah-sursat, raket sistemləri verir, onu hər vasitə ilə müharibəyə hazırlamağa çalışırlar. Ermənistan Fransa ilə yanaşı, Hindistan və digər dövlətlərdən də müəyyən texnikalar alır. Bütün bunlar İrəvanın sülhdən daha çox müharibə haqqında düşündüyünü göstərir. Çünki sülh istəyən bir dövlətin davamlı və sürətlə silahlanması məntiqsizdir".
Polkovnik qeyd edib ki, belə olan təqdirdə Azərbaycan da öz müdafiə xərclərini artırmağa, öz təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün hərbi baxımdan güclənməyə məcburdur:
"Vətən müharibəsi göstərdi ki, müasir dünyamızda gücün alternativi yoxdur. Öz təhlükəsizliyini, ərazi btövlüyünü təmin etmək istəyən hər bir dövlət beynəlxalq hüquqa deyil, öz hərbi qüdrətinə etibar etməlidir. Bu səbəbdən də Azərbaycan öz müdafiə xərclərini günün tələbini və regiondakı reallıqları nəzərə almaqla artırmaqda, Silahlı Qüvvələrin peşəkarlığını, maddi-texniki təchizatını yüksəltməkdədir. Ermənistan iqtisadi baxımdan acınacaqlı vəziyyətdə olduğu üçün, öz silahlanmasını daha çox xaricdən toplanan ianələrin, heç vaxt ödəyə bilməyəcyi kreditlərin hesabına təmin etməyə çalışır. Fransa və bəzi dövlətlər isə müəyyən məqamlarda regionla bağlı öz maarqlarını təmin etmək üçün ona məyyən silahları təmənassız verir ki, bu da ermənipərəst dairələrin Cənubi Qafqazda yeni bir qarşıdurmaya nə dərəcədə ehtiyac duyduğunu göstərir. Lakin həm Ermənistan, həm də ona dəstək verən dövlətlər bilməlidir ki, yeni bir qarşıdurma Ermənistan üçün yeni darmadağından başqa bir şey olmayacaq. Bu isə nəticə etibarı ilə Ermənistan dövlətinin sonu ola bilər".