30 il əvvəl Amerikaya övladlıq verilən türk ailəsini tapdı 

Ərməğan Türkiyəyə gələrək ailəsini tapıb

  O, qəribə taleli insanlardan biridir. Valideynləri onu amerikalı bir ailəyə övladlığa verib. 30 il sonra Vətənə qayıdan qərib övlad ailəsini tapıb və bir daha ABŞ-yə qayıtmamaq qərarına gəlib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “amerikan övladı” Ərməğan Say 1988-ci ildə Türkiyənin Mərsin bölgəsində dünyaya gəlib. Bir müddət sonra ailəsi Adanaya köçüb. Ərməğan 5 yaşında ikən anası və xalası tərəfindən özündən 1 yaş kiçik bacısı ilə birlikdə ABŞ-nin Türkiyədəki İncirlik hərbi bazasında çalışan amerikalı Rice ailəsinə övladlığa verilib. Ailənin İncirlikdəki işi başa çatınca Amerikaya dönüblər, Ərməğanı və bacısını da özləriylə aparıblar. Onların adına yeni şəxsiyyət vəsiqəsi alınıb. Ərməğan 14 yaşına çatdıqda amerikan valideynləri ona zamanında övladlığa götürüldüyünü söyləyiblər. Türk olduğunu öyrənən Ərməğan Türkiyə və ailəsi haqqında məlumatlar toplamağa başlayıb. Türkiyəyə məktub yazıblar, doğma ailələri haqqında məlumat əldə etməyə çalışıblar. Ərməğan Rice müxtəlif peşələrdə işləyib, Türkiyəyə səfər üçün pul toplayıb. Bacısı isə meksikalı bir nəfərlə evlənərək ABŞ-də qalıb. Ərməğan isə topladığı pulla Türkiyəyə gəlib. Və Adanada bioloji anası Gülsərən Say və atası Şahin Sayın yaşadıqları evi tapıb. Anası və atasının artıq həyatda olmadığını, avtomobil qəzasında vəfat etdiklərini öyrənib. Ata evinin qapı və pəncərələri isə qırıq imiş. Ərməğan bu barədə polisə xəbər verib. Ona yaxınlarını tapmaqda kömək etmələrini istəyib. Ərməğan bibilərini, əmilərini və böyük bacısını tapıb. Ana və atasının məzarlarını ziyarət edib. Və artıq ABŞ-yə dönməyəcyini bildirib: “Türkiyədə doğuldum, burda da öləcəyəm”, deyib. İndoneziyalı bir xanımla ailə qurub, bir qız övladı dünyaya gəlib. Ərməğan türklüyünü təkcə qəlbində deyil, həm də zahiri görkəmində daşıyan biridir. Qoluna Atatürk, Türkiyə bayrağı, mehmetcik və boz qurd şəkli döydürüb. Ərməğan onu illərlə övlad kimi böyütmüş amerikan valideynlərini də unutmur. Anası ilə tez-tez əlaqə saxlayır.