Antarktida sürətlə əriyir 

Türkiyədən 3 dəfə böyük ərazi itirilib 

  Qlobal iqlim dəyişikliyi buzlaqlarla örtülü Antarktidanı da təsiri altına alıb. 

“Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, hazırda şimal yarımkürəsi qovurucu istilərin əsarəti altında olduğu bir vaxtda, cənub yarımkürəsində qorxunc iqlim rekordları müşahidə edilir. Alimlər  Antarktidada buzlaqların sürətlə əridiyini bildirib. Alimlərin hesablamasına görə, buzlaqların məhz bu mövsümdə əriməsi indiyədək müşahidə edilməmişdi. İqlim dəyişikliyi Antarktidada indiyədək görünməmiş səviyyədə - Türkiyənin ümumi ərazisindən 3 dəfə artıq ölçüdə buzlaq sahəsi əriyib. Adətən burada buzlaq sahələri fevral ayının sonlarına doğru kiçilməyə başlayır, sonra isə qış mövsümü ərzində yenidən buzlaşma başlayır. Bu il isə fərqli görüntü müşahidə edilib.

 Buzlaqlar gözlənilən səviyyəyə qədər böyüməyib. Son 45 il üçün ən kiçik ölçüdə qalıb. Qar və Buz Məlumatları Milli Mərkəzinin (NSIDC) məlumatına görə, Antarktidadakı buzlaqlar 2022-ci ilin eyni dövründə qeydə alınan ölçüdən 1.6 dəfə azdır. Buzlaqlar ötən ilə nisbətən daha sürətlə əriyib və Antarktida  buzlaqlar sahəsini yavaş-yavaş itirmək üzrədir. Colorado Boulder Universitetinin buzlaqlar üzrə tədqiqatçısı Scambos verdiyi açıqlamada “oyun qaydaları dəyişib. Antarktidadakı buz itkisi iqlim sisteminin dəyişdiyini bizə açıq bir şəkildə göstərir”, söyləyib. Tədqiqatçı Antarktidanın  buzlaq itkisinə məruz qalmasının əsas səbəbinin qlobal istiləşmə olduğunu deyib.