71 ildir  dəmir silindrin içində yaşayır  - “Qurbağa həyatı”

Kiçik yaşında keçirdiyi xəstəlik səbəbindən metal kürəyə bağlı qalan Paul Aleksander 71 il sonra qısa müddətə də olsa, metal “beşiyini” tərk edə bilir artıq. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Paul Aleksander hazırda 77 yaşındadır. Paul 6 yaşında olarkən  polio - uşaq iflici xəstəliyinə tutulub. Başından ayaqlarınadək iflic olan uşaq sərbəst nəfəs almaq qabiliyyətini itirib. Həkimlər uşaq yaşasın deyə, onu silindrik cihazın içinə yerləşdiriblər. Beləcə illər keçib. Paul dəmir silindrin içinə birləşdirilmiş aparat sayəsində nəfəs alıb. Bu şəraitdə 71 il yaşayıb. Həkimlər bu üsulu “qurbağa nəfəsi” adlandırır.

  Paulun sərbəst nəfəs alması 24 saat ərzində yalnız 1 saat mümkün olub. Dəmir silindrdən çıxıb, bir neçə dəqiqəlik nəfəs alıb, yenidən dəmirin içinə daxil olub. Nəfəs aparatı olmadan Paul boğulurmuş, rəngi göm-göy olurmuş. Yeni kəşf edilən “Qurbağa nəfəsi” adlı üsul sayəsində isə Paul, tez-tez olmasa da, ara-sıra dəmir silindrdən kənara çıxa bilir. Bu üsulun tibbi adı “Glossofaringeal nəfəsalma”dır. 




 Bu üsulla hava normal insanlarda olduğu kimi nəfəs çəkilməklə alınmır, şəxs tərəfindən məhz udulur. Bu şəraitdə yaşayan Paul 21 yaşında lisey bitirib, əvvəlcə Dallasdakı Southern Methodist Universitetinə, ardınca da Austin, Texas Universitetində hüquq fakültəsinə daxil olub. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olub, məhkəmə proseslərinə əlil arabasıyla gəlib. Paul normal insanlar kimi nəfəs ala bilməsə də, təyyarəyə də minir, okeanlar üzərindən uçur, gecə klubuna da gedir, kilsədə dua da edir. Paul hətta COVID-19 xəstəliyinə də tutulub. Həyatı barədə kitabı isə Paul ağzıyla yazıb. Ara-sıra dəmir silindrin içindən çıxan Paulun həyat hekayəsi İngiltərə mediasında gündəmi zəbt edib. Onun barəsində oxuyanlar heyranlıqlarını gizlədə bilmir.