45 min il sonra yenidən canlandı

"Yer üzünü gəzən ilk insan"
 

Alimlər bəşər tarixində yer üzündə gəzmiş ilk insanı yenidən canlandırıblar. “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, buna Braziliya, Avstraliya və İtaliya alimlərindən ibarət heyət nail olub. 

Şərti olaraq Zlati Kun adı verilmiş, yer üzündə addımlamış ilk qadının obrazı müasir texnologiyalar sayəsində canlandırılıb. Alimlərin fikrincə, gəzən ilk qadının 45 min il sonra yenidən canlandırılması bəşəriyyətin sivilizasiyasına dair indiyədək bilinməyənləri ortaya çıxarmağa yardım edəcək.

 Qadının obrazının canlandırılmasında 70 il əvvəl Çexiyada tapılmış qadın kəllə skeletinə istinad edilib. Qadının kəllə skeleti üzərində rəqəmsal üsulla iş aparan alimlər onun görüntüsünü yarada bilib. Zlati Kun – qızıl at deməkdir. Bu qadının təxminən 45 min əvvəl Avrasiya materikində yaşayan ilk insanlardan olduğu təxmin edilir. İbtidai insanın daha dəqiq görüntüsünü əldə etmək üçün Misir fironu Tutanxamonun üz cizgilərinin əldə edilməsində istifadə edilən üsula müraciət olunub. Bu üsul, tibbi ekspertizalarda üz cizgilərinin aşkara çıxarılması metodu ilə demək olar eynidir. Qadının üz cizgiləri üzərində tədqiqat aparan alimlər onun neandertal insan nəslinə mənsub olduğunu bildirir. Qadının üz cizgiləri müasir insanlara bənzəyir, beyin ölçüləri də böyükdür. Tədqiqat qrupunda olan braziliyalı qrafika ustası Cícero Moraes qadının üz formasının, xüsusən alt çənəsinin sağlamlığına diqqət çəkib. Bu, neandertal insanlardakına bənzəyən çənə formasıdır. Qadının üz cizgilərində əskik qalan hissələrsə rəqəmsal üsulla bərpa edilib. Alimlər qadını tünd rəngli, qıvrım saçlı, qəhvəyi gözlü təsvir edib. Lakin bu məsələdə alimlər arasında mübahisə mövcuddur.