Çində dövlətə məxsus “Standart xəritələrin kartoqrafiya xidməti” 2023-cü il üçün rəsmi olaraq təsdiq edilmiş yeni coğrafi xəritələr toplusunu dərc edib.
“RBK” portalı xəbər verir ki, sözügedən xəritədə Rusiya ərazisinin bir hissəsi Çinin tərkibində qeyd olunub.
Söhbət Amur çayı üzərində yerləşən Bolşoy Ussuriysk adasından gedir. Ada 2008-ci ildə Rusiya və Çin arasında bağlanan saziş əsasında iki ölkə arasında bölünüb. Yeni dərc edilən xəritədə isə ada Çinin ən şərq hissəsi kimi ayrılıqda təqdim olunub.
Yeni xəritə toplusu xəbərlər, kitab, reklam materiallarında istifadə üçün nəzərdə tutulub.
Çin yeni coğrafi xəritələri rəsmən təsdiqləyib. Rusiya tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib. Maraqlıdır ki, onların üzərində Rusiya ərazisinin bir hissəsi ÇXR-in özünün ərazisi kimi tanınır.
Politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, Çin Rusiya-Ukrayna müharibəsi ilə öz məqsədlərini təmin etməyə çalışır:
" Rusiyanın texnologiya olan ehtiyacının ödənilməsinin böyük hissəsini Pekin təmin edir. Eyni zamanda bu müharibənin gedişi Çin iqtisadiyyatı üçün əlavə gəlir formalaşdırır. Xüsusilə, Rusiyanın hesabına geopolitik layihələr icra olunur. Çinin əhalisi artdıqca böyük ərazilərə ehtiyac duyulur. Yeni tərtib olunan xəritədə Rusiyanın bir hissəsinin məniməsinilməsi göstərir ki, Pekinlə Moskva arasında münasibətlərin tərəfdaşlıq əsasında deyil, strateji əhəmiyyət daşımır.
Rusiyanın cənub sərhədləri boyunca Çinin sosial və demoqrafik təsiri mövcuddur. Rəsmi Moskvanın dünyanın müxtəlif bölgələrində maraqlarının zəifləməsi kontekstində Çin ərazi iddiaları irəli sürür. Bu da, Kreml ilə Çin rəsmi dairələri arasında soyuqluqla nəticələnəcək. Şübhəsiz, Çin, Yaponiya, uzaq Şərqdəki digər dövlətlər də Rusiyanın parçalanması təhlükəsi meydana gəldiyi təqdirdə öz ambisiyalarını irəli sürəcəklər. Artıq ilkin işartıları görməkdəyik"