Trampın məhkəmə prosesi canlı yayımlanacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və daha 18 müttəhimin Corcia ştatında 2020-ci ildə keçirilən  prezident seçkilərinə müdaxilədə ittiham olunduğu məhkəmə prosesi televiziya və internet vasitəsilə canlı yayımlanacaq.

Sherg.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Fulton dairəsinin hakimi Skott Makafi bütün dinləmələrin Fulton Rayon Məhkəməsinin YouTube kanalı və televiziyası vasitəsilə canlı yayımlanmasını əmr edib.

Bu, Trampa qarşı işlərin hər hansı birində ilk açıq dinləmə olacaq, lakin təqsirləndirilən müttəhimlərdən hər hansı biri işi federal məhkəməyə apararsa, Makafinin qərarı qüvvədən düşəcək.

Müttəhimlər arasında olan Trampın Ağ Ev aparatının rəhbəri Mark Meadouz işə federal məhkəmədə baxılması üçün müraciət etmişdi.

Tramp avqustun 15-də Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrinə müdaxilə ittihamı ilə Atlanta Böyük Münsiflər heyəti tərəfindən ittiham edilib və avqustun 24-də ittiham aktının bir hissəsi olaraq təslim olub.

Tramp avqustun 24-də təslim olduqdan sonra namizədliyi üçün 7,1 milyon dollardan çox pul toplayıb.