Rusiya "Vaqner"i nəzarətdə saxlayacaq  - RƏY

Britaniya hökuməti Rusiyanın “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) terror təşkilatları siyahısına daxil edəcək.

Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin rəhbəri Suella Braverman bildirib.

Nazirin sözlərinə görə, “onlar terrorçudurlar, həmçinin ÖHŞ üzvlərinin Ukrayna və Afrikadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdid yaradır”.

Daxili İşlər Nazirliyi rəhbərinin fərman layihəsi tezliklə parlamentə təqdim ediləcək.

S.Bravermanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a vurğulayıb ki, Vaqnerin terror təşkilatı kimi tanınması məsələsi uzun müddətdir müzakirə olunur:

"Ayrı-ayrı dövlətlər bu sahadə müvafiq addımlar atıb. Bunun səbəblərindən biri Rusiyanı da terror dövləti kimi tanımaqdır. Çünki Vaqner özəl hərbi təşkilat olsa da, Rusiyanın  dövlət büdcəsindən maliyyələşir. Digər ölkələr də "Vaqner"i terror təşkilatı siyahısına daxil edə bilər. Amma bu Rusiya üçün əhəmiyyətli deyil. Şimal qonşumuz fikrini açıq-aydın elan edib ki, "Vaqner" ilə heç bir bağlılığı yoxdur.
Xüsusilə "Vaqner" (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin ölümündən sonra Kremlin "Vaqner" ilə heç bir əlaqəsi qalmayıb. Rusiya bu məsələyə ciddi reaksiya verməyəcək. Gələcəkdə ÖHŞ üzvlərinin açıq və ya gizli formada Rusiya Silahlı Qüvvələrinə qatılmağı mümkündür. Çünki Rusiya  ordusunda çoxlu itkilər var. Eyni zamanda "Vaqner" özəl hərbi şirkətinin Ermənistana getməsi ilə bağlı məlumatlar yayılıb. Bu da Ermənistana təzyiq vasitəsidir. Rusiya  bundan sonra da "Vaqner"i bu və ya digər formada idarə etməyə, nəzarətində saxlamağa çalışacaq".


Qeyd edək ki, “Vaqner” ÖHŞ-nin terror təşkilatı elan edilməsi ilə, onun üzvləri Böyük Britaniyada qanundankənar hesab olunacaqlar. Onun fəaliyyətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək krallıqda cinayət sayılacaq. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir.

Böyük Britaniyada müəyyən şəraitdə terror qruplaşmasının simvollarını geyinmək və ya nümayiş etmək 5 min funt sterlinqə qədər (10,7 min manat) cərimə və ya altı aya qədər həbs cəzası nəzərdə tutulur. Ölkədə belə bir təşkilatın hər hansı aktivi aşkar olunarsa, müsadirə edilməlidir.