ABŞ-ın Arizona ştatında Goodwill qeyri-kommersiya təşkilatına edilən ianələr arasında insan kəlləsi də yer alıb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Feniksdə fəaliyyət göstərən Goodwill mağazasında ianə qutusunda insan kəlləsi aşkar edən işçilər polisə müraciət ediblər.
Xəbərdən sonra mağazaya gələn polis kəlləni müayinə üçün götürüb.
Üst çənədəki bəzi dişlərin hələ də yerində olması, kəllə sümüyünün ləkələrlə örtülmüş sol göz yuvasına saxta gözün qoyulması diqqət çəkib.
Polis sözçüsü Lisa Berry, aparılan ilkin müayinədə, "əslliyi təsdiqlənən" kəllə sümüyünün kifayət qədər qədim olduğunu və heç bir cinayətlə əlaqəsi olmadığını və bunun məhkəmə-tibbi əhəmiyyət daşımadığını açıqlayıb.
Donoru bilinməyən kəllə sümüyünün müayinədən sonra aqibətinin necə olacağı hələ müəyyən edilməyib.