Əsəd 20 ildən sonra Çindədir: SƏFƏRDƏ MƏQSƏD VAR

Suriya prezidenti ölkənin yenidən qurulması üçün Pekindən maliyyə dəstəyi istəyəcək

Suriya prezidenti Bəşər Əsəd 20 ildən sonra Çindədir. 
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əsəd Çin Hava Yollarına məxsus təyyarə ilə Asiya Olimpiadasına ev sahibliyi edəcək Hanqcu şəhərinə gedib.

Suriya lideri 2004-cü ildən bəri Çinə ilk səfəri zamanı mərasimlə qarşılanıb.


Əsədin sabah Pekində Çin prezidenti Si Cinpinlə görüşəcəyi gözlənilir. Şənbə günü o, 10-dan çox liderlə birlikdə Hanqcuda Asiya Olimpiadasının açılışında iştirak edəcək.

Əsədi müşayiət edən nümayəndə heyətinin Çinin müxtəlif şəhərlərində bir sıra görüşlər keçirəcəyi bildirilir. Bəşər Əsəd 2004-cü ildə Çinə səfər edən ilk Suriya lideri olub.

Bildirilir ki, Əsəd təxminən 20 ildən sonra ikinci səfərində ölkənin yenidən qurulması üçün Pekindən maliyyə dəstəyi istəyəcək.