Albaniya Avropada ən böyük neft tədarükçüsü olmağa ümid edir

Albaniya onilliyin sonuna qədər ən böyük neft və qaz tədarükçüsü olmağa ümid edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Şpiraq dağ silsiləsində, 6 kilometrdən artıq dərinlikdə karbohidrogen mənbəyi aşkar olunub. Bu bölgədə tədqiqatlar artıq uzun müddətdir aparılır. Yeni ilə qədər hökumət yatağın işlənilməsi perspektivlərini müəyyənləşdirəcək tədqiqatların nəticələrini əldə etməyə planlaşdırır. İlkin məlumatlar Albaniyada hasil oluna bilən neftin əhəmiyyətli həcminin mövcud olduğunu təsdiq edir.

Albaniyanın Baş naziri Edi Ramanın sözlərinə görə, ekspertlərin gözləntiləri təsdiqlənərsə “Shell” korporasiyası Şpiraq bölgəsində infrastrukturun inkişafına 7 milyard avro məbləğində investisiya qoyacaq. Buna baxmayaraq, “Shell” baş verənləri təmkinlə şərh edir və vurğulayır ki, bütün qərarlar aparılacaq sınaqların gedişində əldə olunan məlumatlardan asılı olacaq.

Albaniya hökuməti ölkə üçün ildə milyonlarla dollar gəlir gətirəcək əhəmiyyətli rifah mənbəyinin əldə edilməsinə böyük ümidlər bağlayır. Dövlət orqanları bu vəsaitlər üçün “Suveren fondu”nun yaradıldığını artıq bəyan ediblər.