Kreml: Putinin qrafikində Ərdoğanla telefon danışığı yoxdur

Rusiya prezidenti Vladimir Putin hələ ki Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparmağı planlaşdırmır, lakin lazım gələrsə, tez bir zamanda danışıq təşkil oluna bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Telefon danışığının dəqiq tarixi yoxdur, hələ ki Putinin qrafikində türkiyəli həmkarı ilə telefon təması yoxdur. Amma bilirsiniz ki, Putinlə Ərdoğan arasında danışıqlar bir neçə saat ərzində razılaşdırılır. Ona görə də burada heç bir problem olmayacaq", - deyə Peskov vurğulayıb.

“Taxıl sazişi”nin bərpası perspektivlərindən danışan Kremlin sözçüsü qeyd edib ki, Rusiya şərtlərinin yerinə yetirilməsi baxımından heç bir irəliləyiş yoxdur.