Zelenskinin iddialı açıqlaması: Üfüqdə nələr görsənir?  - RƏY

Ukrayna Prezidenti Vladimir Zelenski Baxmut və daha iki mühüm şəhərin işğaldan azad ediləcəyinə söz verib. Zelenski bunu amerikalı jurnalistlərlə söhbəti zamanı deyib.

“Baxmutu işğaldan azad edəcəyik. Fikrimcə, daha iki şəhəri işğaldan azad edəcəyik. Bağışlayın, həmin şəhərlərin adlarını deməyəcəm. Bizim çox kompleksli planımız var”, - Zelenski bildirib.
Mövzu ilə bağlı “Sherg.az” adanışan AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, Zelinski müharibə başlayandan bu yana iddialı açıqlamalar səsləndirir:
“Ancaq bu açıqlamalar söz yığınından başqa bir şey deyil.  Döyüş meydanında istənilən nəticələr əldə olunmur. Doğrudur, ilk hədəf Baxmut ola bilər. Amma üfüqdə müəyyən şəhərin işğaldan azad olunacağı görsənmir”.

Ə.Məmmədli başda ABŞ olmaqla Qərbin  Ukraynaya əvvəlki qədər dəstək olmadığını vurğulayıb:
“Onlar bu qədər silah və maddi yardımın qarşılığında alınan nəticələrdən razı deyillər. Hətta Qərb Zelinskini korrupsiyada günahlandırmağa başlayıb. Ukraynanı döyüş mövqeyinə çevirib istədiklərinə nail olublar. Bu konteksdə Qərbin addımı başa düşüləndir.  Rəsmi Kiyevə edilən maddi və hərbi yardımlara baxmayaraq, Ukrayna müharibə meydanında hər zaman tək olub.  Ümumiyyətlə, yardımlar kəsilərsə, Ukraynanın müharibədə məğlubiyyətə düçar olması qaçılmazdır”.