22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İgli Hasani ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib. Son dövrlərdə iki ölkə arasında yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin intensivliyindən məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov həmkarını bölgədəki son vəziyyət, habelə Azərbaycanın Qarabağ regionunda lokal antiterror tədbirlərini şərtləndirən səbəblər, Azərbaycan Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində erməni əhalinin reinteqrasiyası istiqamətində atılmış addımlar barədə məlumatlandırıb.
Görüşdə Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi səylərinə baxmayaraq Ermənistan və onun ərazilərimizdə qurduğu qondarma rejimin təhrikçi və təxribatçı əməllərinin bölgədə gərginliyə səbəb olduğu vurğulanıb. Azərbaycan tərəfindən görülən tədbirlərin Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək, erməni silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək ərazilərimizdən çıxarmaq məqsədi daşıdığı və bunun suveren ərazilərimizdə təhlükəsizliyi qorumaq məqsədilə beynəlxalq hüquq və Konstitusiyamızdan irəli gələn hüquqlara tamamilə uyğun olduğu bildirilib.
Bu gün bölgədə Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına tarixi bir imkanın yarandığını diqqətə çatdıran nazir Ceyhun Bayramov Yevlaxda keçirilmiş görüşün müsbət nəticələr gətirəcəyinə əminliyini ifadə edib.
Görüşdə tərəflər həmçinin iki ölkə arasında gündəlikdə duran enerji, ticari, iqtisadi məsələlər, habelə mövcud sərmayə imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.