İsrailə dəstək üçün dünyanın ən böyük təyyarədaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərən ABŞ-ın əsl narahatlığı tamam başqadır. HƏMAS-ın yaydığı görüntülər təşkilatın İsraildəki hədəfləri necə vurduğunu ortaya qoyub.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrailə son onilliklərin ən böyük hücumunu həyata keçirən HƏMAS Qəzzada tunellərdə gizlədilən raketləri göstərdi. HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl Qəssam briqadaları Qəzzada istehsal etdiyi hava hücumundan müdafiə sisteminin görüntülərini yayımlayıb.
Açıqlamada, Əqsa tufanı əməliyyatı zamanı İsrail döyüş təyyarələrinə qarşı Muteber 1 adlı hava hücumundan müdafiə sistemindən istifadə edildiyi bildirilib. Əl-Cəzirə, Əl-Qəssam briqadaları tərəfindən yayımlanan videoda sözügedən silahın istifadə edildiyini və havadakı hədəfin vurulduğunu xatırladıb.Sosial mediada yayılan başqa bir videoda isə minlərlə yeraltı tunelin olduğu Qəzzada raket ehtiyatlarının olduğu önə çıxır.
BBC-nin Təhlükəsizlik üzrə müxbiri Frank Qardner bu gün dərc etdiyi təhlilində bildirib ki, İsrailin Qəzzada mümkün quru əməliyyatı HƏMAS təhlükəsini aradan qaldırmayacaq. HƏMAS-ın silahlı qanadının (İzzəddin Əl Qəssam briqadaları) təxminən 30 min döyüşçüdən ibarət olduğunu bildirən Qardner, "Onlar Qəzzanın tunellərini, zirzəmilərini, sığınacaqlarını və arxa küçələrini işğalçılardan daha yaxşı tanıyır" deyə bildirib.