Qəzza bombalanır: İnsanlar təhlükəsiz yer axtarır 

İsrail və HƏMAS arasında münaqişə səbəbindən mülki əhali çətin vəziyyətdədir. İsrail elektrik və suyunu kəsərək tamamilə blokadaya aldığı Qəzzada intensiv bombardmanlar davam edir. Evlərini tərk edənlərin sayı 300 minə yaxınlaşır. HƏMAS-ın girovluğunda olanların ailələri də həyəcanla gözləyirlər. Qəzzadan Misirə humanitar dəhliz yaradılması gündəmdədir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Qəzzada dinc sakinlər İsrailin həyata keçirdiyi bombardmanlardan xilas olmaq üçün təhlükəsiz yer axtarır.

Qəzzada Əl-Şifa xəstəxanasında işləyən tibb bacısı Zeynəbin fəryadları müharibənin acı üzünün göstəricisidir.

Tibb bacısı Zeynep xəstəxanada yaralılara qulluq edərkən, həm də tibb işçisi olan ərinin İsrailin hücumu nəticəsində öldüyünü öyrənib.


Şokda olan  tibb bacısı xəstəxanadan çıxıb qızına atasının ölüm xəbərini verməli olub.

İsrailin hücumu nəticəsində evi zədələnən Səid Umah Tahir 6 övladından da narahatdır. O, beynəlxalq ictimaiyyəti köməyə çağırır.

İsrailin intensiv bombardmanının hədəf aldığı bölgələrdə böyük dağıntılar var. Qəzzalılar İsrail ordusunu ayrıseçkilikdə ittiham edir. Məktəblər və sağlamlıq mərkəzləri də İsrailin bombardmanları nəticəsində zərər görüb.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri küçələrə və infrastruktura dəyən ziyanın tibbi qrupların hərəkətliliyini məhdudlaşdırdığına diqqət çəkir.

Xəstəxanalar yaralılarla dolub. Qəzzada evlərini tərk edənlərin sayı hər saat artır.