Britaniya Qəzzaya yeni humanitar yardım paketi elan edib

Böyük Britaniya Qəzza üçün yeni humanitar yardım paketi elan edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Rişi Sunak Nümayəndələr Palatası qarşısında bəyanatında bildirib.

Baş nazir Sunak yeni yardım paketinin ağır humanitar böhrandan əziyyət çəkənləri qida, su, səhiyyə və sığınacaqla təmin etmək üçün nəzərdə tutulduğunu deyib.

O, çıxışında Böyük Britaniyanın İsrailin müdafiəsinə sadiqliyini təkrar edib və eyni zamanda Qəzzaya daimi yardım çatdırlmasının vacibliyi vurğulayıb.

Baş nazir Sunak bəyan edib ki, Böyük Britaniya işğal olunmuş Fələstin ərazilərində mülki şəxslər üçün əlavə 20 milyon funt-sterlinq humanitar yardım ayırıb və bu ötən həftə Baş nazirin elan etdiyi 10 milyon funt-sterlinq yardıma əlavədir.

"Bilirəm ki, Fələstin xalqı çox əziyyət çəkir. Artıq çox sayda mülki şəxs həyatını itirib və humanitar böhran böyüyür. Biz Rəfah keçidinin məhdud şəkildə açılmasını alqışlayırıq. Amma bu kifayət deyil. Bizə çox ehtiyac duyulan su, qida, dərman və yanacaq gətirən daimi yardım axını lazımdır. Biz Qəzzada mülki şəxslərə əlavə olaraq 20 milyon funt-sterlinq humanitar yardım təqdim edirik ki, bu da Fələstin xalqına əvvəlki dəstəyimizi ikiqat artırır", - o deyib.