Nikol Putinlə əlaqəni kəsib, ittihama keçib - Rusiya KİV

Rusiya və Ermənistan ikitərəfli münasibətlərin “qiyabi aydınlaşdırılması” formatında ilişib qalıblar: dövlət başçıları təmasda deyil, amma iki ölkənin nümayəndələri mütəmadi olaraq ittihamlar mübadiləsi aparırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan media vasitəsilə siqnallar verir ki, İrəvan təhlükəsizlik sahəsində Rusiyanı əvəz edəcək şəxs axtarır. Moskva Ermənistan hakimiyyətinı dialoq deyil, müxtəlif yollarla izah etməyə çalışır ki, onun alternativi yoxdur.

Bu barədə “Kommersant” nəşrində dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, Rusiya-Ermənistan münasibətlərində ən böyük qıcıqlandırıcı fakt respublika parlamentinin ratifikasiya etdiyi, daha sonra isə Prezident Vaaqn Xaçatryanın imzaladığı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu hesab edilməlidir:

“BCM Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order vermişdi. Rusiya rəsmiləri bu addımı qeyri-dost addım hesab etdiklərini bildiriblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Ermənistanın bütün problemləri ikitərəfli kanallar vasitəsilə həll etdiyini desə də, bu kanalların nə olduğu aydın deyil. Son zamanlar isə iki ölkənin Xarici İşlər nazirliklərinə səfirlərin çağırılması formasında “təmaslar” baş tutub: Rusiya səfiri Sergey Kopırkin Ermənistan XİN-ə, Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə dəvət edilib (ölkələr bir-birinə nota təqdim edib – red.)”.

Nəşrin Rusiya dövlət strukturlarındakı mənbələri təsdiqləyiblər ki, Ermənistan Rusiya ilə əlaqələrə “pauza” verib.

Məqalədə qeyd edilib ki, bunu Nikol Paşinyanın “Voll Strit Jurnal” nəşrinə müsahibəsində “Rusiya hərbi bazalarının Ermənistanda olmasının üstünlüyünü görmürük” sözlərinə Kreml sözçüsü Dmitri Peskovun cavabı da sübut edir. Peskov Paşinyanın “Voll Strit Jurnal” vasitəsilə “əlaqə saxlamasının” yaxşı hal olmadığını, bu açıqlamanın İrəvan tərəfindən rəsmi qaydada izah ediləcəyini gözlədiklərini bildirmişdi.

Axar.az