Baş nazir Livanın İsraillə müharibəyə qoşulmaması üçün çalışdığını deyib

Livanın Baş naziri ölkəsinin İsrail-HAMAS müharibəsinə qoşulmaması üçün çalışdığını deyib.

APA xəbər verir ki, bu barədə Baş nazir Nəcib Mikati AFP-yə müsahibəsində bildirib.

Baş nazir eskalasiyadan qorxduğunu və sərhəddəki atışmaların "Hizbullah" hərəkatının İsraillə yeni cəbhə aça biləcəyinə dair narahatlıqları artırdığını söyləyib.

"Mən Livanın müharibəyə girməsinin qarşısını almaq üçün öz vəzifəmi yerinə yetirirəm", - Baş nazir əlavə edib. O, ölkəsinin fırtınanın ortasında olduğunu, çətin vəziyyətlə üz-üzə qaldığını vurğulayıb.

"Hizbullah"la yaxşı münasibətdə olan Baş nazir Mikati, müharibənin gözlənilən olub-olmaması ilə bağlı suala "aydın cavabı"nın olmadığını bildirib və "bunun regional inkişafdan asılı olduğunu" əlavə edib.

"Hazırda "Hizbullah" vəziyyəti rasional və müdrik şəkildə idarə edir və oyun qaydaları müəyyən çərçivədə məhdudlaşıb. Ancaq eyni zamanda, mən livanlıları arxayın edə bilməyəcəyəm, çünki vəziyyət hələ də inkişaf edir", - Baş nazir qeyd edib.