"Bleu Royal" adlı mavi brilyant "Christies" hərrac evi tərəfindən satışa çıxarılır. Daxili quruluşu "qüsursuz" olaraq xarakterizə edilən almaz öz alıcısını gözləyir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 7-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək hərracda almazın 50 milyon dollara alıcı tapacağı gözlənilir.
Çox aydın rəngə malik olan almaz dünyada çox nadir rast gəlinən bir quruluşa malikdir. Üzüyün üzərinə qoyulan "Bleu Royal" adlı mavi brilyant 17,6 karatdır və "mümkün olan ən mükəmməl quruluşa" malikdir.
"Christies" hərrac evindən Rahul Kadakia deyib ki, "Bleu Royal"ı bu qədər nadir və xüsusi edən onun ölçüsüdür. 17,6 karatlıq almaz, ölçüsünə görə növünün ən böyüyüdür.
Qeyd edək ki, 2016-cı ildə "Oppenheimer Blue" adlı 14,6 karatlıq mavi almaz 57 milyon dollara satılıb. "Bleu Royal"in bu rekordu keçəcəyi gözlənilir.