İsrailin nüvə  silahına əl atması regionda çox ciddi problemlər yaradar - RƏY

 Bu addım təkcə İsrail və ərəb ölkələri arasında yox, beynəlxalq qarşıdurmaya səbəb ola bilər

İsrail nüvə silahı daxil olmaqla, bütün vasitələrlə özünü müdafiə edə bilər.

Bu sözləri israilli tarixçi, futuroloq Yuval Noah Harari deyib.

“Region görünməmiş səviyyədə təhlükə qarşısındadır. Nəzəri baxımdan nüvə savaşına 24 saat qalır. Çünki Hizbullah və İranın digər müttəfiqlərinin İsrailə onminlərlə raket atacağı kifayət qədər real görünür. Bu baxımdan İsrail nüvə silahı da daxil olmaqla, bütün vasitələrlə özünü qoruya bilər. Təhlükəli durumdur”, - deyə o bildirib.


Açıqlamanı "Sherg.az"a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Yaxın və Orta Şərq daim münaqişə ocağı olub:

"Şərqdə ən böyük münaqişə  1980-1988 ci illərdəki İran və İraq arasındakı müharibədir. Ondan sonrakı dövrdə Livandakı "Hizbullah"la İsrail arasındakı münaqişə fonunda son 40 ilin ən genişmiqyaslı toqquşmaları oldu. Son zamanlar HƏMAS-la İsrail arasında baş  verən müharibə isə regionda gərginləşən maraqların göstəricisidir. Ümumiyyətlə HƏMAS anti-Qərb və anti-İsrail qüvvələri təmsil edir. HƏMAS-ın ən böyük dəstəkçisi də İran hakimiyyətidir. Həmçinin regiondakı HƏMAS, Husi, Hizbullah və.s kimi təşkilatlar Tehran tərəfindən maliyyələşdirilir. HƏMAS lideri İsmail Haniyənin İrana səfəri və Ali lider Ayətullah Xamenei ilə görüşü də bunu təsdiqləyir".

Analitik əlavə edib ki, İsrailin nüvə silahından istifadə etməsi tez-tez vurğulanır:

"Lakin düşünürəm ki, bunun üçün hələ zaman yetişməyib. Ümumiyyətlə İsrailin nüvə silahına əl atması regionda çox ciddi problemlər yaradar. Yəni bu addım təkcə İsrail və ərəb ölkələri arasında yox, beynəlxalq qarşıdurmaya səbəb ola bilər. Həmçinin bu vəziyyət Rusiyanın da Ukrayna savaşında taktiki nüvə silahından istifadəsinə yol aça bilər. Belə bir hadisə isə dünyada nüvə silahlarının istifadəsi üçün zəmin hazırlayar. Ona görə də indiki şəraitdə İsrailin nüvə silahından istifadə edəcəyini düşünmürəm. Digər tərəfdən hələ ki, İsrailin İranyönümlü qüvvələrə cavab verməyə gücü kifayət edir".