Gürcüstanda İŞİD üzvləri  saxlanıldı

Onların Rusiya və Azərbaycan vətəndaşları olduğu məlum olub

Ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılmış iki əcnəbidən biri Rusiya vətəndaşı, digəri isə Azərbaycan vətəndaşıdır.

24News.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Bildirilib ki, hər iki şəxs Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda və Gürcüstan ərazisi ilə qanunsuz olaraq miqrantın başqa ölkəyə köçürülməsi və onun Gürcüstanda qalması üçün müvafiq şəraitin hazırlanması faktı əsasında saxlanılıblar.

Onların yaşadıqları mənzillərə baxış zamanı müxtəlif növ elektron məlumat daşıyan cihazlar, hərbi texnika, üz maskaları, elektrik şoku, xarici ölkənin saxta şəxsi sənədləri, partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular və üzərində "İslam Dövləti" (İŞİD) terror təşkilatı simvolu olan bayraq götürülüb.

Saxlanılanların vəkili Ani Şişniaşvili bildirib ki, DTX sübut əldə edə bilmədiyi üçün istintaq Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların və partlayıcı vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsini nəzərdə tutan 236-cı maddəsi əsasında aparılır.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsi İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən və bir sıra qanunsuz fəaliyyətlərdə ittiham olunaraq saxlanılan Rusiya və Azərbaycan vətəndaşları barəsində həbs qətimkan tədbiri seçib.

Bildirilib ki, məhkəmə saxlanılan hər iki əcnəbinin digər cinayət əməlləri törətməsi, istintaqın gedişinə mane olması təhlükəsini nəzərə alaraq onların barəsində həbs qətimkan tədbiri seçib.