Borrell: Biz illərdir “iki dövlətli həll”i təkrar edirik, ancaq lazım olanı etmirik

"Qəzzada HAMAS-a qarşı müharibə beynəlxalq ictimaiyyətin kollektiv siyasi və mənəvi uğursuzluğunun nəticəsidir. İsrail və Fələstin xalqının böyük bədəl ödədiyi siyasi və mənəvi uğursuzluq".

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Ramallahda Fəlsətin Baş naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Aİ-nin ali nümayəndəsi bildirib ki, zorakılığa yalnız siyasi həll etmək mümkündür:

"Mən bu səfəri İsraildən başlamışam. Ardınca Ramallahı ziyarət etmək üçün sizə, Fələstin Administrasiyasına baş çəkdim ki, tərəfdaşlarımızla işləmək, bu müharibənin sona çatması və sülhə əsaslanan daha yaxşı gələcək üçün nə edilməli olduğunu nəzərdən keçirək", Borrell deyib.

Aİ-nin ali nümayəndəsi bildirib ki, onun təmsil etdiyi təşkilat Fələstin-İsrail məsələsində bəzi məsələləri qəbul etmir.

Borrell bildirib ki, Aİ fələstinlilərin Qəzzadan zorla çıxarılmasına "yox" deyir və bunu yolverilməz adlandırır.

Aİ burada eyni zamanda ərazi dəyişikliyinə "yox" deyir.

"HAMAS”ın Qəzza üçün təhlükəsiz yer olmasına "yox" deyirik. Həmçinin İsrailin burada nəzarəti ələ keçirməsini istəmirik. Qəzza bütün Fələstin probleminin həlli kimi qalmalıdır.", - deyə vurğulanıb.

Borrell çıxışında bildirib ki, Fələstin Dövləti (Muxtariyyəti) Qəzzaya qayıtmalıdır.

"Mən “Fələstin Muxtariyyətini” – sizi deyirəm. Qəzzanı heç zaman tərk etmədiniz. Siz bizim dəstəyimizlə əhaliyə dövlət xidmətləri göstərirsiniz. Bu işi davam etdirmək imkanınız var. Bəlkə beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacınız olacaq, lakin Fələstin rəhbərliyi Qəzzaya qayıtmalıdır. Bizə prosesdə ərəb ölkələrinin daha fəal iştirakı da vacibdir.

Üçüncüsü, Avropa İttifaqının xüsusən də Fələstin dövlətinin qurulmasında siyasi proseslərə daha çox cəlb edilməsidir.
Bizim Avropada dövlət quruculuğu ilə bağlı müəyyən təcrübəmiz var və biz Fələstini iki dövlətli qurmaqla məşğul olmalıyıq", Aİ-nin ali nümayəndəsi bildirib.

Cozep Borrell İordan çayının qərb sahilindəki vəziyyət barədə də narahatlığını ifadə edib.

O əlavə edib ki, bu barədə noyabrın 16-da İsraildə xarici işlər naziri Eli Kohenlə görüşdə bu məsələni diqqətə çatdırıb.

Borrell deyib ki, oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində toqquşmalar artıb.

“İlin əvvəlindən indiyədək İordan çayının qərb sahilində 421 fələstinli həlak olub. 7 oktyabrdan bəri bu, rəqəm 202-dir. Bu o deməkdir ki, həmin tarixdən bəri İordan çayının qərb sahilində ilin əvvəlindən oktyabr ayına qədər olan sayda fələstinli öldürülüb. Eyni zamanda bu ərazilərdə evlərini tərk etmək məcburiyyətində qalan icmaların sayı artıb.

Biz İsrail hakimiyyətini İordan çayının qərb sahilində zorakılığın baş verməsinin qarşısını almaq üçün bu məsələni ən yüksək səviyyədə həll etməyə çağırmışıq", Aİ rəsmisi əlavə edib.

Borrell deyib ki, Aİ Fələstin xalqının yeganə nümayəndəsi olaraq Fələstin Muxtariyyətini tanıyır və onu həm siyasi, həm də maliyyə cəhətdən dəstəkləyir.

"Biz Fələstin xalqı üçün ən böyük beynəlxalq donoruq və Fələstin Administrasiyasının işinə ən böyük maliyyə töhfəsi verməyə davam edəcəyik. Çünki bu müharibə bizə göstərdi ki, biz Fələstin məsələsini həll olunmamış qoya bilmərik.

İndi nə qədər faciəli olsa da biz sülhə istiqamətində işləməliyik.

Biz beynəlxalq dəstəyi iki dövlətli həll yolunda səfərbər etməliyik. Bu məsələ çox uzun müddət diqqətdən kənarda qalan bir siyasi prosesdir.

İki dövlətli həll sülhə aparan yeganə etibarlı yoldur. Onun həyata keçirilməsi üçün atılacaq konkret addımların müəyyənləşdirilməsinin vaxtı çatıb. Çünki biz illərdir – Oslo sazişlərindən 30 il keçib – “iki dövlətli həll”i təkrar edirik, bunu praktikada həyata keçirmək üçün lazım olanı etmirik", Cozep Borrell çıxışında vurğulayıb.