Sorğunun nəticəsi: İsveç təhlükəli ölkəyə çevrilib

“Ipsos” beynəlxalq marketinq-tədqiqat şirkətinin apardığı sorğunun nəticələrinə görə, respondentlərin 50 faizindən çoxu İsveçi təhlükəli ölkə kimi dəyərləndirir.

AZƏRTAC xəbər verir ki, son il ərzində İsveçdə cinayətkarlığın artması özünün pik həddinə çatıb. 2023-cü ildə quldur dəstələri tərəfindən zorakılıq daha da şiddətlənib və öz xarakterini qismən dəyişib.

Qurbanlardan bəzilərinin qətli praktik olaraq quldur dəstələri ilə əlaqəsi olmayan insanlar arasında baş verib. Cinayətlər yaşayış komplekslərində və adətən diqqət mərkəzində olan risk rayonlarından kənar yerlərdə baş verib.

Bu, rəyi soruşulanların əksəriyyətinin İsveçi təhlükəli ölkə kimi təsnif etməsinin əsas səbəblərindən biridir. Hər beşinci respondent ölkəni olduqca təhlükəli hesab edir. Belə fikrə kişilərdən daha çox qadınlar meyillidir.

“Bütövlükdə insanlar özlərini tam təhlükəsizlikdə hiss edirlər. Əksər insanların İsveçi təhlükəli hesab etməsi KİV-lərdə reportajların və sosial şəbəkələrdə yayılan xəbərlərin nəticəsidir”, - deyə “Ipsos”un analitiki Niklas Kallebrinq bildirib.

“Ipsos” odlu silahdan istifadə olunmaqla zorakılığa dair narahatlığı dəfələrlə təhqiq edib. İyunda aparılan son sorğudan bəri narahatlıq səviyyəsi artmayıb, əksinə bir qədər azalıb.

Kollebrinqin fikrincə, bu onunla əlaqədar ola bilər ki, son sorğu kütləvi informasiya vasitələrinin diqqətinin daha çox HƏMAS ilə İsrail arasındakı münaqişəyə cəmləşdiyi bir vaxtda keçirilib.

İctimaiyyətin polis və siyasətçilərin cinayətkarlığa qarşı mübarizə qabiliyyətində əminlikləri də dəyişməyib. Respondentlərin təxminən yarısı hesab edir ki, polis lazımi tədbir görmək iqtidarındadır. Sorğu iştirakçılarının hər beş nəfərdən biri isə İsveç parlamenti partiyaları barədə bu fikirdədir.