Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk bazar günü etdiyi dua mesajında Qəzzaya daha çox humanitar yardımın gəlməsini arzuladıqlarını və sülh üçün dialoqda israr etdiklərini bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dünən xəstəliyi səbəbilə Romadakı Gemelli xəstəxanasında müayinə olunan Papa, bazar günləri Angelus dualarını ofisinin Vatikanın Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən, Monsenyor Paolo Braidanın köməyi ilə bu dəfə kameralar qarşısında edib.
“Ağciyərimdə iltihab olduğu üçün bu gün pəncərədən baxa bilmirəm” deyən Papa mesajını Monsenyor Braidana oxutdurdu.
Mesajda, "Bu gün Allaha şükür edirik ki, İsrail və Fələstin arasında nəhayət atəşkəs əldə olundu və bəzi girovlar azad edildi. Dualarımız bütün girovların bir an əvvəl azadlığa buraxılmasınadır. Onların ailələrini düşünürəm. Qəzzada daha çox insana yardımın çatmasını və dialoqda israr edirik. Sülhün yeganə yolu dialoqdur. Dialoq istəməyənlər sülh istəmir" - bildirilir.
Papanın gələn həftə Dubayda keçiriləcək İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında (COP28) iştirak edəcəyi də bildirilib.