Aİ Şurası Ukrayna ordusunun təlimi üçün əlavə maliyyə ayrılmasını təsdiqləyib

Avropa İttifaqı Şurası Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının təlimi üçün əlavə maliyyə ayrılması barədə qərar qəbul edib.

APA bu barədə Aİ Şurasının saytına istinadən xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin bu cür təlimi Ukraynaya dəstək üzrə Avropa İttifaqının Hərbi Yardım Missiyası (EUMAM Ukraine) çərçivəsində həyata keçirilir.

Maliyyələşdirmə 194 milyon avro artırılaraq ümumilikdə 255 milyon avro olacaq.

"Bugünkü qərarın məqsədi Ukraynanın ehtiyacları əsasında və təlim proqramının artan həcmi və mürəkkəbliyini nəzərə alaraq Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasında EUMAM-a dəstəyi davam etdirməkdir", - Aİ Şurasının bəyanatında deyilir.

Həmçinin qeyd edilir ki, bu dəstək Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin genişmiqyaslı təliminə kömək edəcək və Aİ-yə üzv dövlətlərə lazımi təlim avadanlığı və materialları təqdim etməyə imkan verəcək.