"Ukrayna NATO-ya daha da yaxınlaşır".
Bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO-Ukrayna Şurası XİN rəhbərlərinin iclasından əvvəl Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birgə jurnalistlərə açıqlamasında deyib.
"Bu görüşümüz Ukraynanın NATO-ya daha da yaxınlaşdığını nümayiş etdirir. Biz bu iclasda Ukraynanın NATO-ya üzvlüyü yolunu müzakirə edəcəyik. Bütün müttəfiqlərimiz razılaşırlar ki, Ukrayna NATO-nun üzvü olacaq. Biz üzvlüyə gedən yolu, islahatları müzakirə edəcəyik. Həmçinin döyüş meydanındakı vəziyyəti və təcili ehtiyacları müzakirə edəcəyik.
Fürsətdən istifadə edib Ukrayna silahlı qüvvələrinin, siyasi rəhbərliyinin və Ukrayna xalqının cəsarətinə və qətiyyətinə heyranlığımı bir daha vurğulayıram. Siz Rusiya qüvvələrini şimal, cənub və şərq istiqamətindən geri otuzdurmusunuz, rus işğalçılarını ağır itkilər verməyə məcvur etmisiniz. Bütün bunlar Ukraynanın böyük qələbələridir.
Biz eyni zamanda Rusiyanı aşağı qiymətləndirməməliyik. İntensiv döyüşlərin getdiyini görürük. Biz yeni hava hücumlarına hazır olmalıyıq. Bizim Ukrayna ilə həmrəyliyimiz yalnız sözdə deyil, əməllərdə də təkrar olunmalıdır.
Biz Ukraynaya dəstəyi davam etdirməli və bunun həcmini artırmalıyıq. Ukraynanın qələbəsi bizim marağımızdadır", - Stoltenberq vurğulayıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı müzakirələr müharibədən öncə başlayıb:
"Həmin müzakirələrlə bağlı isə hələlik ciddi addım atılmayıb. Brüssel və İspaniyada keçirilən sammitlərdə Ukraynaya verilən vədləri nəzərə alsaq çox ciddi irəliləyişlərin olmadığını görərik. Ukraynanın NATO-ya üzvlüyü yaxın on il ərzində mümkün olan deyil. Çünki Rusiya ilə müharibə həll olunmayıb. Eyni zamanda Donetsk, Luqansk, Zaporojye əraziləri işğal altındadır. Ukraynanın özünün surətli şəkildə hərbi yardımlara ehtiyacı var. NATO nizamnaməsinin 16, 45 və 53 bəndlərində birgə hərbi kontingentinin yaradılması nəzərdə tutulub. Ukrayna isə bunu edə bilməyəcək. Bu məlumatlar Rusiya ilə müharibəni davam etdirmək üçün Ukraynaya verilən vədlərdir. Təsadüfi deyil ki, "Politika" nəşri Ukrayna Prezidenti Volodimir Zelenskini dünyanın bir nömrəli xəyalpərəsti seçib. Bunun özü isə hərşeydən xəbər verir ".