Ərzurumun məhəllə və küçələrində dolaşan 68 yaşlı Viktor Dallant tərcüməçi vasitəsilə qarşılaşdığı vətəndaşlardan fotoşəkildəki insanları tanıyıb-tanımadıqlarını soruşub. Axtarışlarını uzun müddət Ərzurumda davam etdirən Dallant şəhərdə qalmaq və şəkildəki insanları tapmaq və 43 il əvvəl çəkdirdiyi fotoları onlara hədiyyə etmək istəyir.
Sherg.az xəbər verir ki, Antropologiya üzrə magistr dərəcəsi olan Viktor Dallant səyahət etmək üçün 1980-ci ildə İstanbuldan qatarla Ərzuruma gəlib. O, səfər zamanı Ərzurumda oyun oynayan uşaqların şəkillərini çəkib: "Qatarla Ərzuruma gəldim. Şəkil çəkməyi çox sevirəm. Ərzurumda bir məhəllədə 7 uşağın çox əyləndiyini görəndə o anları lentə aldım. Daha sonra Parisə gedib şəkilləri montaj etdim. Dostlarım da şəkilləri çox bəyəndilər. Şəkilləri çəkərkən uşaqlarla çox az türkcə danışa bilirdim. Çünki o vaxt türkcəni yeni öyrənirdim".
Bu insanları 43 ildən sonra tapmaq üçün sosial media hesablarında paylaşım etdiyini, lakin hələ də tapa bilmədiyini deyən Dallant, "[email protected]" ünvanından onunla əlaqə saxlaya biləcəklərini bildirib. “Uşaqların xizək sürdüyünü və qar topu oynadığını görəndə onların fotolarını çəkdim. Onları çəkərkən çox əyləndim və xoşbəxt oldum. 7 yaşında ikən şəklini çəkdiyim bu uşaqları tapmaq üçün Fransadan Ərzuruma gəldim. Mən onları yenidən görmək və bu şəkilləri onlara vermək istəyirəm. Türkiyə çox gözəl, Ərzurum çox gözəldir" deyən Viktor Dallant ümidini hələ itirmədiyini bildirib.