Elon Mask söyüş işlədib

Milyarderin açıqlamaları dünya mediasında zəlzələ effekti yaradıb

  İştirak etdiyi tədbirdə yəhudi lobbisinin onu şantaj etdiyini deyən Elon Maskın açıqlamaları dünya mediasında zəlzələ effekti yaradıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Elon Mask İsraildə səfərdə olarkən zirehli gödəkçə geyinərək Baş nazir Benyamin Netanyahu ilə Kfar Aza bölgəsinə səfər edib, oradakı vəziyyətlə tanış olub. İsrailin rabitə naziri Shlomo Karhi isə verdiyi açıqlamada E.Maskla "Starlink" peyklərindən yalnız İsrail dövləti icazə verəcəyi halda  Qəzza bölgəsində istifadə edilməsinə dair razılıq əldə etdiklərini deyib. Bu səfərindən sonra  Nyu-Yorkda düzənlənən “DealBook Zirvəsi”nə qatılan Elon Mask çətin vəziyyətdə qalıb. Tədbirin aparıcısı E.Maska “İsrail-HƏMAS” savaşı səbəbiylə “X platforması”na reklam verən şəxslər və şirkətlərin reklamlarını azaldacağını söyləyib. Bu sözlərdən sonra E.Mask söyüş işlədib. Və “mənə qarşı şantaj kampaniyası aparılır”, deyib. Deyilənə görə, E.Maska yəhudi lobbisinin  hücumları sosial media izləyicilərindən birinin “yəhudilər bəziləri tərəfindən zamanında onlara bəslənən nifrəti indi özləri digərlərinə qarşı bəsləyir” paylaşımına  E.Maskın “həqiqəti söylədiniz” cavabını yazmasıyla başlayıb. Bu cavabdan sonra aralarında "Apple", "Warner Bros", "Disney", "Paramount", "NBCUniversal", "Discovery" və "Comcast" kimi nəhəng şirkətlər “X platforması”na reklamlarını ləğv edib. Onu yəhudi düşməni olaraq tanıtmağa cəhd edildiyini deyən E.Mask isə həmin cavabdan peşman olduğunu etiraf edib: “Bu, indiyədək etdiyim ən axmaq hərəkət olmasa da, onlardan biridir”, söyləyib. Bu azmış kimi əsəbiləşərək, “kim reklam vermək istəmirsə verməsin. Məni reklamla şantaj edirlər? Pulla şantaj edirlər? Getsinlər… “ deyərək ağır söyüş işlədib.