Stoltenberq: NATO-nun iqlim dəyişikliyi ilə mübarizə aparmaq öhdəliyi var

"İqlim dəyişikliyi təhlükəsizliyimiz üçün vacib olduğuna görə NATO üçün vacibdir".
APA xəbər verir ki bunu NATO-nun Baş katibi Yens Stoltenberq Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində COP28 Sədrliyi və Münhen Təhlükəsizlik Konfransı tərəfindən təşkil edilən iqlim təhlükəsizliyi üzrə yüksək səviyyəli liderlərin paneli müzakirəsində çıxış edərkən deyib.
Stoltenberq çıxışında NATO-nun iqlim dəyişikliyi ilə mübarizə aparmaq və qlobal problemin qlobal həllinin bir hissəsi olmaq öhdəliyini vurğulayıb.
Baş katib iqlim dəyişikliyinin təhlükəsizliyə təsirinin idarə edilməsinin vacibliyini vurğulayaraq, "iqlim dəyişikliyi böhran yaradır və böhran iqlim dəyişikliyi ilə mübarizə imkanlarını sarsıdır", deyə bildirib. İkisi arasında qırılmaz əlaqəni qeyd edən NATO Baş katibi iqlim dəyişikliyinin NATO-nun sülh və təhlükəsizliyi təmin etmək missiyasının əsasını təşkil etdiyini qeyd edib.
O, həmçinin enerji təminatında qalıq yanacaqlardan uzaqlaşaraq təhlükəsiz və bərpa olunan enerji mənbələrinə keçidinin təmin edilməsinin vacibliyini vurğulayıb. "Biz enerjinin qalıq yanacaqlardan daha etibarlı və daha az çirkləndirici enerji mənbələrinə keçidini həyata keçirərkən, bunu enerji təhlükəsizliyinə xələl gətirəcək şəkildə etməməyimizi təmin etməliyik. Rusiya Ukraynanın genişmiqyaslı işğalından sonra qazdan bizə təzyiq vasitəsi kimi istifadə etdi. Biz yeni bərpa olunan enerji mənbələrini inkişaf etdirərkən eyni səhvlərə yol verməməliyik. NATO buna görə də qalıq yanacaqlardan asılılığı azaldacaq yeni daha ekoloji texnologiyaları inkişaf etdirmək üçün proqramlara sərmayə qoyur”, o əlavə edib.
Baş katib, NATO-nun iqlim dəyişikliyi ilə bağlı məsələləri gündəmdə ilk sıraya qoyduğunu və 2030-cu ilə qədər NATO qurumları və komandanlıqlarından emissiyaların azaldılmasına dair konkret hədəfləri razılaşdırdığını deyib. O bildirib ki NATO 2050-ci ilə qədər silahlı qüvvələrində xalis sıfır emissiyaya çatmağı hədəfləyir. O əlavə edib ki, NATO müdafiədə yaşıl texnoloji yeniliklərdən istifadə edir və iqlim dəyişikliyi məsələsini hərbi planlarına, təlimlərinə və imkanlarına inteqrasiya edir.