İsrail hədələdi: Əgər heç bir tədbir görülməzsə, müdaxilə edəcəyik!

İsrail yük daşıyan gəmilərin Qırmızı dənizə girməsinə icazə verməyəcəklərini açıqlayan husiləri hərbi müdaxilə ilə hədələyib.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, Husilərin hərbi sözçüsü Qəzzada baş verən soyqırım səbəbilə İsrail limanlarına gedən bütün gəmilərin Qırmızı dənizə və Oman dənizinə girişinin qadağan edildiyini açıqlayıb.

"Qəzza ehtiyac duyduğu qida və dərmanı almasa, milliyyətindən asılı olmayaraq, Qırmızı dənizdəki İsrail limanlarına gedən bütün gəmilər silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək", - sözçü bildirib. 
Ötən ay husilər İsrail şirkəti ilə əlaqəsi olan Britaniyaya məxsus yük gəmisini ələ keçirmişdilər.

İsraildən dərhal  açıqlama verilib: “Əgər dünya bu problemlə məşğul olmasa, hərbi tədbirlər görəcəyik”. Baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən husilərə qarşı addımlar atmasını istəyib.

Husilər Qəzza müharibəsi başlayandan bəri çoxsaylı raket və pilotsuz təyyarələrlə İsrailə hücum etməyə cəhd ediblər.