6 il əvvəl İspaniyada yoxa çıxan uşaq Fransada tapılıb

Anası və babası ilə İspaniyaya tətilə gedən britaniyalı Aleks Batti 11 yaşında yoxa çıxdıqdan 6 il sonra Fransanın cənubunda Tuluza yaxınlığındakı Reveldə tək gəzərkən tapılıb.

Sherg.az ingilis mətbuatına istinadən xəbər verir ki, Batti 2017-ci ilin sentyabr ayında babası və anası ilə İspaniyanın cənubundakı Marbellaya tətilə gedib. Həmin vaxt 11 yaşı olan Battinin sonuncu dəfə 2017-ci ilin oktyabrında Marbellada yoxa çıxdıqdan sonra Malaqada göründüyünə dair məlumatlar var idi.

O vaxtdan itkin düşən uşaq çərşənbə günü səhər tezdən Fransanın Revel bölgəsi yaxınlığında bir kuryer tərəfindən yolun kənarında gedərkən görünüb.

Kuryer Fabien Accidini, kömək təklif etdiyi Battinin əvvəlcə özünü fərqli təqdim etdiyini, lakin sonradan yaşadığı hər şeyi izah etdiyini bildirib.

Accidini, Battinin 4 gündür gecələr gəzdiyini, gündüzlər isə dincəldiyini və İngilis missiyasının yerləşdiyi şəhərə çatmağa çalışdığını ifadə edərək, əlində yalnız fənər, bel çantası, 100 avro və skeytbord olduğunu qeyd edib. 

"EVƏ QAYITMAQ İSTƏYİRƏM"

Telefonunu Facebook-da nənəsinə mesaj yazması üçün verdiyini izah edən Accidini, Battinin "Salam nənə, mənim adım Aleksdir. Mən Fransanın Tuluza şəhərindəyəm. Ümid edirəm ki, mesajımı görərsən. Səni sevirəm və geri qayıtmaq istəyirəm" qeydini yazdığını bildirib.

Syuzan Karuana nənə Britaniyanın “The Sun” qəzetinə danışıb. O,  qeyd edib ki, babası və anasının məktəbə göndərmək istəmədiyi Batti üçün alternativ həyat yaratmaq üçün müxtəlif macəralara başlayıblar.

Karuana, anası və babasının belə bir həyat axtarışında Mərakeş və Fransada müxtəlif səyahət icmaları ilə birlikdə yaşadıqlarını bildirib.

Batti anasının harada olduğunu bilmədiyini söyləsə də, Fransa səlahiyyətliləri anası Melanie Battinin hazırda səyahətçi qrupu ilə Pireney dağlarının ucqar bir hissəsində olduğunu təxmin etdiklərini açıqlayıb.

Fransa rəsmiləri də Battinin hekayəsini mətbuatla bölüşüblər. Buna görə Batti, anası və babası ilə  bir müddət 10 nəfərlik bir qrup olaraq sivilizasiyadan uzaq bölgələrdə alternativ kommuna həyatı yaşadılar.

Qrupun Finlandiyada həyatını davam etdirmək qərarından sonra, Batti "İngiltərədəki həyatına qayıtmaq arzusu ilə" qaçıb. Devid babanın 6 ay əvvəl belə bir icma ilə yaşayarkən vəfat etdiyi təxmin edilir.

Məsələ ilə bağlı Mançester polisi də açıqlama verib. Polis dünən Battinin nənəsi ilə görüntülü danışıq apardığını və onun bir neçə gündən sonra İngiltərəyə gələcəyini açıqlayıb.

Son 6 ili necə keçirdiyinin təfərrüatları hələ aydın deyil, lakin Batti bir müddətdir alternativ həyat sürən bir cəmiyyətlə yaşadığını izah edib.