Aİ Ukraynaya 20 milyard avro yardımla bağlı ehtiyat planını müzakirə edir

Avropa İttifaqı Ukraynaya 20 milyard avro məbləğində maliyyə yardımı göstərmək üçün ehtiyat plan hazırlayır.

APA-nın məlumatına görə, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə qeyd edilir ki, Macarıstanın Baş naziri Viktor Orban dekabrın ortalarında keçirilən Aİ-nin sonuncu sammitində 2024-cü ildə Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan icmal büdcəsinə düzəlişin qarşısını aldıqdan sonra yeni maliyyə variantlarının axtarışı tələb olundu. Müzakirə olunan yeni sxem, Aİ üzvlərinin Aİ büdcəsinə maliyyə zəmanəti verməsini nəzərdə tutur ki, bu da Avropa Komissiyasına (AK) Kiyev üçün kapital bazarlarından 20 milyard avro borc almasına imkan verəcək. Bu sxem 2020-ci ildə, AK-nin pandemiya zamanı iş yerlərini dəstəkləmək üçün üzv ölkələrə 100 milyard avro ucuz kredit verdiyi zaman istifadə edilən modelə bənzəyir.

Maliyyələşdirmənin yekun məbləğinin Ukraynanın ehtiyaclarından asılı olacağı vurğulanır.