Hakan Fidan əvvəl Qırğızıstana, sonra Tacikistana getdi

Bu səfər iki ölkə arasında münasibətlərin normallaşmasına hesablanıb


  Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstana və Tacikistana səfər edib. Səfər çərçivəsində ölkələr arasında mühüm sənədlər imzalanıb. Qırğızıstan Prezidenti Sadır Japarovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Həmçinin beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb. H.Fidan həmkarı Jeenbek Kulubayevlə görüşdən sonra Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev ilə də görüşüb. Daha sonra Tacikistana səfər edən Hakan Fidan tacik rəsmilərlə bir araya gəlib. Tacikistan və Türkiyənin xarici işlər nazirlikləri 2024-2026-cı illəri əhatə edən əməkdaşlıq proqramı imzalayıb. Tərəflər görüş zamanı siyasət, iqtisadiyyat, ticarət, investisiya, təhsil, elm, mədəniyyət, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Bundan başqa, təhlükəsizliyin təmin edilməsi, terrorizmlə mübarizə, həmçinin əməkdaşlığın hüquqi bazasının gücləndirilməsi mövzularına toxunublar. Türkiyə xarici işlər nazirinin Orta Asiya ölkələrinə səfərləri Ankaranın bölgəyə açılımı və önəmli regiona təsir imkanlarının artırılması kimi dəyərləndirilir. 

  Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, Türkiyənin Orta Asiya ölkələrinə maraq göstərməsi təbiidir. Ekspertin sözlərinə görə, Türkiyə dövləti heç bir məsələdə özünü Orta Asiya regionundan kənarda görməyib: 
"Birmənalı olaraq Türkiyədə də, dünyada da hamı qəbul edir ki, Orta Asiya coğrafiyası ilə Türkiyə, eləcə də, Qafqaz bölgəsi bir bütünün parçalarıdır. Ona görə də Türkiyə xarici işlər nazirinin qardaş Qırğızıstana səfər etməsi, ardınca Tacikistana yollanması təəccüb doğurmamalı, qeyri-adi qarşılanmamalıdır. Ümumiyyətlə, Türkiyənin Orta Asiya türk respublikaları ilə əməkdaşlığı sıxlaşdırması əlavə şərhə ehtiyac duymayan bir məsələdir. Amma burada diqqət yönəldilməli başqa məqamlar var. Daha çox onun üzərində durulmasını istəyirəm. Hakan Fidan Qırğızıstana səfər edib, həmkarı ilə yanaşı, ölkə prezidenti ilə də görüşüb. Bir çox əlavə təmaslarda da olub və bunun ardınca qonşu Tacikistana səfər edib. Diqqətçəkən məqam budur ki, H.Fidan niyə öncə Qırğızıstana, ardınca Tacikistana gedib. Bunun arxasında dayanan əsas səbəb ondan ibarətdir ki, Qırğızıstanla Tacikistan arasında, xüsusən sərhəd məsələlərində ciddi münaqişələr var. Bəzən həmin münaqişələr qanlı qarşıdurmaya da çevrilir. Bu da bütövlükdə bölgədə sabitliyin pozulmasına səbəb olur".

  A.Həsrət hesab edir ki, Qırğızıstan bir türk dövləti olduğuna, Türk Dövlətləri Təşkilatında təsmil olunduğuna görə sözügedən bölgədə sabitliyin pozulması Türkiyə və digər türk dövlətləri üçün yaxşı hal deyil: 
"Türkiyə dövləti ağsaqqallıq edərək tərəflər arasındakı qarşıdurmanın daha dinc üsullarla çözümünə töhfə vermək istəyir. Düşünürəm ki, Hakan Fidanın öz səfərini məhz bu cür tərtib etməsi, yəni Qırğızıstana və oradan Tacikistana getməsi iki ölkə arasında münasibətlərin normallaşmasına hesablanıb. Tacikistan türk dövləti sayılmasa da, ölkə əhalisinin böyük hissəsi türklərdən ibarətdir. Tacikistan da bizim üçün böyük Türküstanın bir parçasıdır. Əlavə olaraq Əfqanıstanı da diqqətə almalıyıq".