Özbəkistan Prezidenti Şövkət Mirziyayev yanvarın 23-dən 25-dək Çində səfərdə olacaq.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfərin təfərrüatı barədə məlumat verilməyib.
Xatırladaq ki, Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 44,9 faiz artaraq 14 milyard dollara çatıb.
Özbəkistan Prezidentinin səfərini "Sherg.az"a dəyərləndirən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Şövkət Mirziyayev rəhbərliyə gələndən sonra ölkəsi üçün çox işlər görüb:
"İndi İslam Kərimov zamanındakı Özbəkistandan əsər-əlamət yoxdur. Ölkə sürətlə Qərbə doğru inteqrasiya edir. Eyni zamanda, Çinlə də münasibətləri sıx tutmağa çalışır. Bu da doğru bir siyasətdir. Son illərin ən sürətlə inkişaf edən ölkəsi Çindir. Artıq Amerika Çinlə münasibətləri tam şəkildə normallaşdırmaq üçün dəridən-qabıqdan çıxır. Rusiya da qarmaq atmaqdadır və heç bir halda Çini itirmək istəmir. Belə bir şəraitdə Özbəkistan balanslı siyasət yürütməyə məcburdur ki, bu siyasəti də aparmaqdadır. Bu səfəri olduqca uğurlu saymaq olar. Daha çox iqtisadi əlaqələrin gələcəkdə də inkişaf etməsi məsələləri müzakirə ediləcək. Çin həm də yerləşdiyi region ölkələri ilə yaxın əlaqələr qurmaq niyyətindədir. Bu baxımdan bu səfəri təsadüfi hesab etmək olmaz. Bu səfərdə siyasi məsələlər də müzakirə olunacaq. Çin ağırlığını artıq dünya siyasətində daha çox hiss etdirməkdədir. Özbəkistanın da təcrübəli dövlət başçısı var və məhz bunun üçün də Çinlə yaxın əlaqələr qurmaqda maraqlıdır".
Ekspert onu da vurğulayıb ki, hər bir dövləti onun güclü iqtisadiyyatı yaşadır:
"Çinlə Özbəkistan arasında ticarət dövriyyəsi 44,9 faiz artaraq 14 milyard dollara çatıb. Belə bir ölkə ilə hansı dövlət münasibətləri sıx tutmaz ki? Çini Özbəkistanın ən yaxın tərəfdaşı kimi də adlandırmaq olar. Hər iki ölkə həm də Şanxay Əməkdaşlıq Təşkilatında yer alırlar və bu qurum çərçivəsində əməkdaşlıq edirlər. Ölkələr arasında uyğur məsələsi də var ki, səfərdə bu məsələnin də müzakirə edilməsi gözlənilir. Uyğurların müdafiəsi üçün Özbəkistan hər zaman nələrsə etməyə çalışıb, yəni əlindən gələni edib. Hesab edirəm ki, təkcə Özbəkistanın deyil, bütün türkdilli ölkələrin Çinlə münasibətlərinin yaxın olması türk dünyası mənafeyinə tam uyğundur. Çünki, ortada uyğur kimi millət dərdimiz var".