Uşaqlıq dövründə heyvanlara qarşı zorakılıq diqqətdən kənarda qalmamalıdır

Uşaqların və yeniyetmələrin heyvanlara qarşı təkrarlanan və qəsdən zorakılıq göstərməsi ciddi xəbərdarlıq əlamətidir.

Sherg.az xəbər verir ki, klinik psixoloq Seren Doğantekinin sözlərinə görə, bu davranış uşağın yaşadığı travma, zorakılığa şahid olması və ya hisslərini idarə etməkdə çətinlik çəkməsi ilə əlaqəlidir.

Doğantekinin sözlərinə görə, heyvanlara qarşı zorakılığın səbəbləri müxtəlifdir. Empatiya çatışmazlığı, qəzəbi idarə etməkdə çətinlik, impulsivlik və zorakılıq mühitində böyümək bu davranışa təsir göstərə bilər. Bəzi hallarda heyvana zərər vermək və ya onunla bağlı hədələmələr başqaları üzərində güc və nəzarət qurmaq vasitəsinə çevrilir.

Psixoloq vurğulayıb ki, xüsusilə uşaqlarda təkrarlanan və qəsdən törədilən bu cür hərəkətləri adi uşaq dəcəlliyi kimi qiymətləndirmək düzgün deyil. Belə hallarda uşağın psixoloji vəziyyəti və yaşadığı mühit diqqətlə araşdırılmalıdır.

Araşdırmalar heyvanlara qarşı zorakılıqla insanlara qarşı zorakılıq arasında əlaqənin mövcudluğunu göstərir. Bununla belə, heyvana zərər verən hər kəsin gələcəkdə insana qarşı da zorakılıq göstərəcəyini söyləmək olmaz. Burada söhbət qəti səbəb-nəticə əlaqəsindən deyil, ortaq risk amillərindən gedir.

Doğantekin uşaqların heyvanlarla sağlam münasibət qurmasının empatiya, məsuliyyət və qayğı göstərmək bacarıqlarının inkişafına kömək etdiyini bildirib. Onun fikrincə, uşağa heyvanları sevməyi məcbur etməkdənsə, onların da qorxu və ağrı hiss edə bilən canlılar olduğunu öyrətmək vacibdir.

Psixoloq valideynlərin davranışının da mühüm rol oynadığını qeyd edib. Uşaqlar böyüklərin yalnız sözlərini deyil, hərəkətlərini də nümunə götürürlər. Buna görə heyvanlara hörmətlə yanaşmaq, onlara zərər verməmək və sərhədlərini qorumaq uşaqlara kiçik yaşlardan aşılanmalıdır.