"Qoca qitə"nin narahatlığı: Siyasi Mərkəz Avropadan Asiyaya keçir

Avropa ölkələri Asiyada inkişaf tempindən məyusdur.
Bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Hazırda dünya iqtisadiyyatında böyük yenidənqurma gedir. Asiya amansız şəkildə inkişaf edir, Avropa bu templə ayaqlaşa bilmir və bu da müəyyən məyusluq yaradır”, - Orban bildirib.

Asiyada olan inkişafın Avropa ölkələrində yaratdığı narahatlıq barədə "Sherg.az" ın suallarını cavablandıran politoloq Elçin Xalidbəyli söyləyib ki, son zamanlar Avropa məkanında durğunluq yaşanır:
"Bu da ilk növbədə Avropa Birliyi ölkələrinin iqtisadiyyatında müşahidə olunur. Onlarda inkişaf tempi sürətlə aşağı düşür. Avropa ölkələrinin daxilində siyasi böhranın əlamətlərini görmək olar. Almaniya, Fransa və bir neçə digər inkişaf etmiş ölkələrin daxilində baş verən kütləvi etiraz aksiyalarına baxdıqda məsələ daha da aydın olur. Avropa ölkələrinin iqtisadiyyatında problemlər yarandıqca, bu həmin ölkələrin vətəndaşlarının yaşayış tərzinə, həyat şəraitinə birbaşa təsir göstərir. Hazırda Avropa Birliyi ölkələrinin iqtisadiyyatının önəmli bir hissəsi Ukraynanın ehtiyaclarının qarşılanmasına xərclənir. Bu baxımdan Avropada kifayət qədər maliyyə problemlərinin olmasına zəmin yaranır. Orbanın qeyd etmək istədiyi də məhz budur". 

Politoloq birçox Asiya ölkəsinin iqtisadiyyatında nəzərə çarpacaq dərəcədə inkişafın olduğunu vurğulayıb:
 "Asiya ölkərində baş verən sıcrayışın Avropa ölkələrini narahat etməsinin əsas səbəbi onların dünya siyasətində dominant rol oynamağa vərdişli olmalarıdır. Hazırda dünyanın siyasi mərkəzi olaraq Avropa məkanı qeyd olunur. Amma belə gedişat onların dünya üzərindəki rolunu itirməsi ilə nəticələnə bilər. Asiya ölkələrinin inkişafı yaxın gələcəkdə dünyanın siyasi mərkəzinin Avropadan Asiyaya dəyişdirilməsi prosesini intensivləşdirir. Buda "qoca qitənin" narahatlığını artırır".