Qərb kəşfiyyat təşkilatları Ankaraya müvafiq məlumat vermədən artıq Türkiyədə əməliyyat keçirə bilməyəcək.
Bu barədə “Hürriyet” qəzeti adının açıqlanmasını istəməyən diplomata istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bir müddət əvvəl “çox əlamətdar hadisə” baş verib:
“Bəzi Qərb kəşfiyyat təşkilatlarına Türkiyədə iş görmək imkanı verilib, onlar icazəsiz ölkəyə gəlib-gediblər. Məsələn, Qərbin kəşfiyyat təyyarəsi gəlir, bir müddət qalır və sonra geri dönür. Lakin onlar təyyarədə nəyin, kimin olduğu və nə işlə məşğul olduqları barədə heç bir məlumat verməyiblər. Ankara Türkiyənin milli mövqeyinə uyğun olaraq bəyan edib ki, bu cür əməliyyatlar, gəliş-gedişlər müvafiq məlumat verilmədən (Türkiyə tərəfinə) həyata keçirilə bilməz”.
Mənbə vurğulayıb ki, Qərb xüsusi xidmət orqanlarının reaksiyası sərt olsa da, Ankara öz prinsipial mövqeyində qalıb:
“Əvvəlcə onlar (Qərb kəşfiyyat orqanları) sərt reaksiya verdi. Onlar şayiə yaratdılar ki, bu, İrana dəstək deməkdir. Amma bu, əbəs yerə idi. Çünki Türkiyə müstəqil dövlət olaraq milli mövqeyini nümayiş etdirdi. Ankara onlara dedi ki, bir iş görəcəksinizsə, məlumat verəcəksiniz”.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, Türkiyə BMT, xüsusilə də NATO-ya üzv olduqdan sonra dövrün şərtlərindən irəli gələn bəzi təcrübələrlə üzləşib:
"Türkiyə zamanla bu təcrübələri nəzərdən keçirməyə başladı və bir çoxunu aradan qaldırdı. Türkiyə inkişaf etdikcə və regional siyasətlərdə söz sahibi olmağa başladıqca öz ərazisində nəzarətsiz əməliyyatlara son qoydu. Buna isə ABŞ-nin 2003-cü il martın 1-də İraqa qarşı əməliyyatına ərazisini bağlayaraq başladı. İndi də İrana ola biləcək əməliyyata qarşı ərazisini bağlayaraq mümkün müdaxilənin qarşısını alacaq".