Çoxqtblü dünya modeli: ABŞ və Qərb bloku yeni güclərlə baş edə bilmirlər -ŞƏRH

Ötən həftə bütün dünyada hərbi əməliyyatlar həftəsinə çevrildi. Qəzza zolağında müharibə davam edir. İndi bu, mülki əhalinin ölüm sayına görə dünyada ən gərgin müharibə hesab olunur - 3 ayda 25 min şəxs həlak olub. Rusiya və Ukrayna ərazisində döyüşlər gedir. Eyni zamanda, husilər Qırmızı dənizdə zərbələrini davam etdirir. ABŞ da husilərə zərbələr endirməkdədir.
 Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Səudiyyə Ərəbistanı Yəməndəki hədəfləri yenidən vurdu. Bu, yeni hadisədir. İran Pakistana hücum etdi. Bu da yeni münaqişə sayılır. Pakistan da İrana zərbələr endirib. İraq qüvvələri ABŞ-ın Suriyadakı hərbi bazalarını vurub. Türkiyə Suriyadakı kürd hərbi bazalarına, ABŞ İraqda İran qüvvələrinə hücum edib. İsrail Suriyadakı İran qüvvələrinə, İordaniya isə Suriyadakı düşmənlərinə zərbələr endirib. Sonuncu da yeni hücumdur. Göründüyü kimi, hərbi əməliyyatların eskalasiyası davam edəcək. Dünya tədricən xaosa girir. ABŞ və AB dünya lideri rolunun öhdəsindən gəlmir”, - o bildirib.

Sergey Markovun sözlərini "Sherg.az"a dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, ABŞ və yaxud Avropa İttifaqı dünyanın lideri rolunu üstlənə bilmirlər:
"Doğrudur, supergüc ölkə dedikdə ağla ilk gələn məhz Amerika olur. Lakin hazırda regional və qlobal güc olmağa namizəd ölkələrin də çəkisi var. Onların proseslərdəki aktiv rolları faktiki olaraq dünyada münaqişə ocaqlarının yenidən aktivləşməsinə gətirib çıxarır. Hazırda qlobal arenada Rusiya, Çin, İran kimi aktiv oyunçular var. Bundan başqa Hindistan, Türkiyə, İsrail kimi sürətlə  yüksələn ölkələr mövcuddur". 

Politoliq  çoxqütblü dünya modelində qeyd olunan statistikanın daha da artacağını,  yeni münaqişələrin yarana biləcəyini vurğulayıb: 
"Münaqişə ocaqlarının sayı günü-gündən çoxalmaqda davam edir. Bunlar əslində soyuq müharibə illərində yaranıb və dondurulan müharibələrdir.  Sadəcə olaraq indi yenidən aktivləşirlər. Burada ən önəmli məsələ ABŞ-nin liderlik rolunun öhdəsindən gəlməsi deyil, onların qarşısındakı qüvvələrin hər keçən gün daha da güclənməsidir. ABŞ və Qərb bloku artan yeni güclərlə baş edə bilmirlər. Bu onların nüfuzunun azalmasına səbəb olur".