Onlar növbəti dəfə yarışacaqlar

Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən 1929-cu ildən bəri verilən və kino dünyasının 'ən yaxşılarının' seçildiyi Oskar Mükafatlarına namizədlər açıqlanıb.
"Sherg.az" xəbər verir ki,  Bu il 96-cı dəfə keçiriləcək Oskar Mükafatları qaliblərini martın 10-da Los-Ancelesdə keçiriləcək möhtəşəm mərasimdə tapacaq. Dolby Theatre-da keçiriləcək mərasimdə növbəti dəfə məşhur komediya ustası Cimmi Kimmel aparıcılıq edəcək.

Kristofer Nolanın Oppenheimer filmi 13 nominasiya üzrə namizəd olaraq birinci olarkən,  Barbie filmi isə 8 nominasiya üzrə namizədlik əldə edib. Hər iki kino  “Ən yaxşı film” nominasiyası üzrə namizəd olub. Oskar tarixində ilk dəfə olaraq eyni həftəsonu ekranlara çıxan iki film Ən Yaxşı Film nominasiyasında namizəd oldu. Hər iki film iyulun 21-də buraxılıb. Emma Stounun ifası ilə adından söz etdirən “Poor Things” filmi 11, məşhur rejissor Martin Scorsesenin “Killer of the Flower Moon” filmi isə 10 nominasiyada namizəd olub.

Qeyd edək ki, Almanya doğumlu  türk rejissor İlker Çatakın “Müəllimlər salonu” filmi “ Ən yaxşı beynəlxalq film” kateqoriyasında Almaniyanın Oskar namizədi olaraq göstərilib. 40 yaşlı rejissor Berlində anadan olandan sonra orta təhsilini Türkiyədə başa vurub, Almaniyada kino və rejissorluq təhsili alıb.