Xobraqan Məclisi: Ruhaninin namizədliyi bu səbəbdən təsdiqlənməyib -ŞOK PROQNOZ

Nəzarət Şurası İranın keçmiş prezidenti Həsən Ruhaninin ölkənin Ekspertlər Məclisinə seçilmək üçün namizədliyini təsdiq etməyib.
Bu barədə Həsən Ruhaninin rəsmi media qurumu məlumat yayıb.
Xəbəri Nəzarət Şurasının sözçüsü Hadi Təhan Nəzif təsdiqləməyib.
Qeyd edək ki, 86 üzvü olan Ekspertlər Məclisi İran rəhbərinin seçilməsi və onun fəaliyyətlərinə nəzarət edən qurumdur.

Həsən Ruhaninin namizədliyinin təsdiq olunmaması ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran Politoloq Tural İrfan bildirib ki, İranda dövlət quruluşu mürəkkəb bir sistemə sahibdir və bir neçə qurum iç-içə fəaliyyət göstərir:
"Xobrəqan Məclisi əsasən mühafizəkar mollalardan ibarətdir. Bu şəxslər dövlət quruluşunda yenilik, islahat, dünyəviliyə meyl olmamasına nəzarət edir. Həsən Ruhani nisbətən yumşaq siyasət aparan islahata meylli şəxsdir. Şübhəsiz ki, o Qərbin də maraqlarına uyğunlaşa bilərdi. Həm də onun nüfuzu böyükdür. Əgər  məclisə Ruhaninin seçilməsi təsdiq olunsa, onun dini lider olma şansı da artır. Ola bilsin onu bundan məhrum etmək üçün namizədliyi təsdiq edilməsin".

Politoloq Xobrəqan Məclisinin (Ekspertlər Məclisi) de-yure və de-fakto İranı, habelə dünyada İrana bağlı nə qədər təşkilat varsa, onu idarə edən təşkilat olduğunu vurğulayıb:
"Məclislə ali dini liderin yanında prezident və parlament formal xarakter daşıyır. Yəni həlledici rola malik deyil. Məhz belə bir vacib qurumun daxilinə Həsən Ruhani kimi islahata meylli, qeyri - mühafizəkar birini seçmək təəssübkeş və qatı fikirli mollalar üçün təhlükə ola bilər. Çünki o quruma rəhbərlik etməyə indiki prezident və hazırki dini liderin oğlu daha çox şanslı görünür".