İran-Pakistan qarşıdurması: Müharibə gözlənilir?

Siz bizə xəncər vura bilməzsiniz, əgər buna cəhd göstərsəniz, gecikmədən lazımi cavabı alacaqsınız.
Bunu Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir deyib.
O, İranın Pakistan ərazisinə raket hücumlarına işarə edərək, buna layiqli cavab verildiyini söyləyib:
"Heç kimə Pakistanın ərazi bütövlüyü və suverenliyini pozmaq icazəsi verilməyəcək".
Qeyd edək ki, 16 yanvarda SEPAH-ın Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurması nəticəsində iki azyaşlı həlak olub. Buna cavab olaraq 18 yanvarda Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib, 12 nəfər həlak olub.

İran və Pakistan arasında müharibənin baş vermə ehtimalı ilə bağlı "Sherg.az"ın sualını cavablayan politoloq Tural İsmayılov bildirib ki, sözügedən ölkələr arasında münaqişənin böyüyəcəyini düşünmürəm:
 "Hadisələrin bu vəziyyətə gəlməsində isə daha çox İran günahkardır. Çünki rəsmi Tehran Pakistanın gücünü, qüdrətini, ölkələr arasında ayrı seçkilik etməyən fəaliyyətini öz prinsipləri baxımından zidd hesab edir. İranın bu gün dünyadakı demək olar heç bir ölkə ilə normal münasibətləri qalmayıb. Göz önündə diplomatik mesajlarla çıxış edə bilər, amma pərdə arxasında İranın dünyanın əksər dövlətləri ilə problemi olduğunu görürük. Bunlardan biridə Pakistandır".

Politoloq sonuncu qarşıdurmanın İranla Pakistan arasında hərbi ritorikanın güclənməyinə səbəb olduğunu, amma ötən həftə Tehran və İslamabad tərəfindən əldə olunan razılaşmanın iki ölkə arasındakı müharibə ehtimalını böyük ölçüdə aşağı saldığını vurğulayıb:
"Eyni zamanda sözügedən ölkələr arasında Bəlucistan məsələsinə həsas yanaşma mövcuddur. Həm Əfqanıstan, həm Pakistan, həm də İrandakı Bəlucistan bölgəsi ilə bağlı beynəlxalq güclərin planları var. Onlar müxtəlif separatçı təşkilatlar vasitəsilə ölkələrin ərazilərini təhdid etməyə çalışırlar. Əslində etnik separatçılıq meyillərinə qarşı İran və Pakistan birgə mübarizə aparmalıdır. Amma İranın ideoloji fərqlər qoyması vahid mövqe nümayiş etdirilməsini çətinləşdirir. 2024- cü ildə İran və Pakistan arasında müharibəyə şahidlik edəcəyimizi düşünmürəm".