Rumıniya Türkiyədən “Bayraqdar” pilotsuz uçuş aparatlarının birgə istehsalını nəzərdən keçirməyi xahiş edib.
Bunu Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan deyib.
“2023-cü ildə Rumıniya bizim “Bayraqdar” TB2 döyüş PUA-larımızdan 18 ədəd alıb. Onların tədarükləri bu il və sonrakı illərdə də davam edəcək. Rumıniyadan bu məhsulların birgə istehsalı üçün müraciəti var”, - o bildirib.
Səfir qeyd edib ki, müdafiə sənayesində bir neçə yarımçıq tender var və Rumıniya şirkətləri ilə əməkdaşlıq türk şirkətləri üçün çox vacibdir:
“Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Buxarestə gələcək. Bu məsələlərin gündəmdə olacağı gözlənilir”.
Rumıniyanın təklifini "Sherg.az"a dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib ki, böyük dövlətlərin heç biri müdafiə sənayesi məhsullarının hamısını şəxsən istehsal etmir:
"Məsələn, F16-nın hissələri 30-35 ölkədə istehsal edildikdən sonra Amerikaya göndərilərək bir araya gətirilir. Türkiyə də müdafiə sanayesinə görə ixrac potensialı olan ölkədir. Türkiyənin Rumıniya daxil olmaqla digər ölkələrlə iş birliyi etməsi son dərəcə normal və önəmlidir. Bu hadisə iki mühüm xüsusiyyəti özündə ehtiva edəcək. Birincisi ondan ibarətdir ki, siyasi əməkdaşlıq kontekstində Rumıniya, Türkiyə arasında münasibətinin inkişafına töhfə verəcək. Digər tərəfdən dost ölkələrdə müəyyən hissələrin istehsal olunnmasına köməklik göstərəcək. Rumıniyanın təklifini müsbət qarşılamaq lazımdır. Çünki Rumıniya da NATO üzvüdür. Eyni zamanda bu sahədə Türkiyə ilə əməkdaşlıq etmək istəyən xeyli ölkələr mövcuddur. Amma Türkiyənin belə əməkdaşlıqları dost və müttəfiq dövlətlərlə etməsi önəmlidir. Yəni gələcəkdə siyasi münasibətlərdə müəyyən gərginlik olsa, həmin hissələrin istehsal olunmasında çətinliklər yaşanmasın. Rumıniya Balkanların önəmli ölkəsidir. Rumıniya daxil olmaqla Polşa və Ukrayna da Türkiyə ilə birgə əməkdaşlıq etmək üçün can atırlar".