Yeni dünya düzənində irəli sürülən layihə budur
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron amerikalı konqresmenləri Putinə qarşı siyasətdə Hitlerlə edilən səhvləri təkrarlamamağa və Ukraynaya milyardlarla dollarlıq hərbi yardım barədə qərarı təcili təsdiq etməyə çağırıb. O deyib ki, Qərb Putinə qarşı 2008-ci ildə Gürcüstanı işğal edərkən göstərdiyi zəifliyi, 2014-cü ildə Krımı və Donbasın böyük hissəsini ələ keçirərkən qeyri-müəyyən cavabı təkrar etməməlidir. Kemeronun sözlərinə görə, məhz bu yanaşma Rusiyanın 2022-ci ildə yeni bir təcavüz aktı törətməsinə səbəb olub: "Bir tərəfdə Qərbdən kənarda oturaraq öz imperiyasını genişləndirməyə ümid edən Putin dayanır. O, bizim zəif olduğumuzu düşünür. O, həyatımızda gördüyümüz ən sarsıdıcı təcavüz aktından qurtula biləcəyini sanır. Digər tərəfdə isə biz durmuşuq. Bizim resurslarımız, iqtisadi gücümüz, biliyimiz var. İqtisadiyyatımız Rusiyadan 25 dəfə güclüdür. Onlar kömək üçün Pxenyana müraciət etməli olublar. Yetər ki, gücümüzdən istifadə edək. Sual: İradəmiz varmı?”. Qeyd edək ki, "Politiko" nəşri yazıb ki, Rusiya ilə amansız müharibə uzandıqca, Qərb, xüsusən də, Avropa xoşagəlməz hadisələrlə üzləşir və müəyyən tərəddülər yaşanır.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, Qərb ölkələri özləri kifayət qədər problem içindədir. Ona görə də çalışırlar ki, Ukraynaya görə Rusiya ilə açıq və birbaşa qarşıdurmaya getməsinlər. Professorun sözlərinə görə, Avropa əmin oldu ki, Rusiyadan aldıqları ucuz xammal qitənin iqtisadiyyatına çox güclü kömək edirmiş:
"İndi Avropa ölkələrinin aqrar sahələri kifayət qədər çətin duruma düşüb. Avropanın enerji təhlükəsizliyi də problemlidir. Xərcləri çoxaldığına görə çalışırlar ki, Rusiya-Ukrayna müharibəsi tezliklə dayansın. Hələlik, müharibəni dayandırmaq mümkün deyil. Amma Qərbin Rusiyaya jestlər etməsi göz önündədir. Ukrayna savaşı bəlkə də dünyanın yenidən bölüşdürülməsi üçün Rusiya ilə razılaşdırılmış bir layihə idi. Yeni dünya düzəni üçün bütün hüquqi əsaslar hazırlanıb. Rusiya-Ukrayna müharibəsi, Yaxın və Orta Şərqdə qarşıdurmalar, İran-Pakistan gərginliyi, Əfqanıstandakı vəziyyət də buna hesablanıb. Xaosla idarəetmə mexanizmi ABŞ-nin ən böyük layihəsidir. Bunu reallaşdıra bilməyəndə isə digər variantlara keçirlər və geri çəkilirlər. Bu, müasir diplomatiyanın əsas aparıcı istiqamətidir".
C.Nuriyev vurğulayıb ki, Rusiya ilə birbaşa qarşıdurma və müharibənin uzanması Qərbə, Avropaya sərf etmir:
"Hadisələrin gedişi göstərir ki, Ukrayna meydanda tək qalacaq. Rusiya öz maraqlarına uyğun olaraq müəyyən bölgələri işğal elədi. Yəqin ki, Moskva 6 əyaləti əlində saxlayacaq, digər ərazilərsə, yəni Qərbi Ukrayna torpaqları Polşa, Rumıniya və Macarıstan arasında bölünəcək. Sonra 15 milyonluq balaca Ukrayna yaradılacaq və məsələ bitəcək. Yeni dünya düzənində irəli sürülən layihə budur".