“17 mart Vladimir Putinin sonuncu seçkisi ola bilər. Ehtimal ki, o, bu müddətdə öz varisini hazırlamaqla məşğul olacaq”
Müxalif siyasətçi Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb. Navalnının cəzasını çəkdiyi Yamal-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında gəzintidən sonra halı pisləşib və o, huşunu itirib. Federal Penitensiar Xidmətin məlumatında qeyd olunub ki, Navalnıya bütün lazımi tibbi yardımlar göstərilsə də, müsbət nəticəsi olmayıb. Həkimlər Navalnının ürəktutmadan (tromp) öldüyünü açıqlayıblar. Rusiya Aleksey Navalnının cəzaçəkmə müəssisəsində ölümünü şərh edib. Kremlin sözçüsü Dmitri Peskov Navalnının ölümü barədə Prezident Vladimir Putinin məlumatlandırıldığını qeyd edib. Kremlin sözçüsü məlum hadisə ilə bağlı xüsusi təlimatlara ehtiyac olmadığını da bildirib. NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya bəzi suallara ciddi şəkildə cavab verməlidir. Stoltenberq qeyd edib ki, Navalnının ölümü ilə bağlı bütün faktlar müəyyən edilməlidir. Avropa Şurasının rəhbəri Şarl Mişel də deyib ki, Navalnının ölümünə görə Rusiya hakimiyyəti məsuliyyət daşıyır. Böyük Britaniyanın Baş naziri Rişi Sunak Navalnının ölümünü dəhşətli xəbər adlandırıb. Onun sözlərinə görə, Rusiya demokratiyasının ən qızğın müdafiəçisi kimi Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət nümayiş etdirib. Latviya Prezidenti Edqar Rinkeviç də Aleksey Navalnının Kreml tərəfindən vəhşicəsinə öldürüldüyünü deyib: “Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüzsə düşünün, amma o, indicə Kreml tərəfindən vəhşicəsinə öldürüldü. Bu bir faktdır və mövcud Rusiya rejiminin əsl mahiyyəti haqqında bilinməsi lazım olan bir amildir. Ailə və dostlarına başsağlığı verirəm”. Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib ki, işgəncələrə məruz qalan minlərlə insan kimi Putin tərəfindən öldürülüb: "Putin üçün fərqi yoxdur kim ölür, əsas odur öz mövqeyini qorusun. Etdiyi əmələ görə hər şeyini itirməlidir". Qeyd edək ki, Aleksey Navalnı 1976-cı ildə Moskva vilayətində doğulub. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. Hazırkı dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi tanınan Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. Navalnı 2021-ci il yanvarın 17-də həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası verib. Navalnı sonuncu dəfə Moskvanın Lefortovski Rayon Məhkəməsində dələduzluq və məhkəməni təhqir etmək ittihamı üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Aleksey Navalnı Prezident V.Putinin ən böyük rəqibi sayılırdı. Ekspert vurğulayıb ki, Navalnının ölümündə ilk ağla gələn versiya Kreml tərəfindən aradan götürülməsidir:
"Boris Nemtsov, Anna Politkovskya, Aleksandr Litvinenko, Yevgeni Priqojin və başqaları kimi.. Putin özünə qarşı çıxan heç kəsi bağışlamır. Mixail Xodorkovski və onun ətrafını da, öz hakimiyyətinə təhlükə gördüyü Yeltsin dövründən qalma milyarder korpusunu da çökdürdü. Daha təhlükəli fiqurlar isə fiziki cəhətdən aradan götürüldü. Bəs Navalnını bu qədər təhlükəli edən nə idi? O, iqtidar içində belə çoxlarının ümid qaynağı idi. Bəzi iri məmurların onunla danışıqlara getdiyi barədə məlumatlar var idi. Kremldə Putini Navalnı ilə əvəz etmək barədə müzakirələrin getdiyi barədə mediaya məlumatlar sızırdı. Navalnı Putin kimi radikal, vətənpərvər çıxışlar edirdi. Məsələn, Navalnı Krımın işğalına tam dəstək verən bir siyasətçi idi. Onun xalq, xüsusilə rus gəncləri arasında hörməti böyük idi".
Analitikin düşüncəsinə görə, 17 martda keçiriləcək seçkilər Vladimir Putinin sonuncu seçkisi ola bilər: "Ehtimal ki, Putin bu müddətdə öz varisini hazırlamaqla məşğul olacaq. Putin hakimiyyəti öz sağlığında, özünün nəzarəti altında təhvil vermək istəmir. Navalnı sistemdən kənar adam idi və Putin rejimi üçün təhlükə sayılırdı. Bəlkə də sistemin içində olsaydı, Putinin xələfi olmağa ən layiqli namizəd elə Navalnı idi. O təkcə Putini yox, hazırda mövcud olan sistemi yıxmaq istəyirdi. Navalnının sıradan çıxarılması Rusiyada siyasi yumşalmaya, müxalif çıxışa imkan verilməyəcəyini göstərdi. Martdakı seçkidən sonra Rusiya Ukraynada əməliyyatları genişləndirəcək. Putin heç bir halda daxildə müxalif səs istəmir. Müxalifətin başı beləcə "kəsilib atıldı". Rusiya müxalifəti toparlanıb özünə yeni lider tapmalıdır. Navalnı böyük hədəflər qət etdi, ancaq Kremlin divarlarını aşa bilmədi".