Fəlakət bölgəsinə səfər: Bayden təmiz olduğunu göstərmək üçün kran suyu içdi

ABŞ prezidenti Co Bayden qatar qəzasının ildönümündə Ohayo ştatına səfər edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, East Palestine qəsəbəsinə baxış keçirən Bayden bəzi müəssisələrə baş çəkib, ictimaiyyətlə görüşüb.

Qəsəbədə çoxlu araşdırmalar apardıqlarını qeyd edən Bayden, bir çox sosial və iqtisadi proqramlarla bölgəni yenidən inkişaf etdirəcəklərini ifadə edib.


Bayden ekoloji fəlakətdən zərər çəkmiş bölgədə içməli suyun təmiz olduğunu göstərmək üçün stolun üstündəki  bir stəkan kran suyunu içib.

Həmin anlar ABŞ mətbuatında geniş işıqlandırılıb.


Qeyd edək ki, fevralın 3-də ABŞ-ın Ohayo ştatının East Palestine qəsəbəsində kimyəvi maddələr daşıyan 150 vaqondan ibarət qatarın 50 vaqonunun relsdən çıxması və partlaması nəticəsində kimyəvi maddə ekoloji fəlakətə səbəb olub.

Partlayışlar nəticəsində ətraf mühitə külli miqdarda zəhərli kimyəvi maddə yayıldıqdan sonra ərazi sakinlərinin təxliyəsi qərara alınıb.

Hadisədən sonra mətbuatda rayon sakinləri arasında baş ağrısı, göz yanması, öskürək və halsızlıq kimi şikayətlər və heyvanların tələf olması barədə məlumatlar yayılıb.

Qəzaya uğrayan qatarın bağlı olduğu Norfolk Southern şirkəti açıqlama verərək ərazini ekoloji cəhətdən təmiz şəkildə təmizlədiklərini və qəza nəticəsində yaranan itkilərə görə bölgə əhalisinə maddi yardım etdiklərini açıqlayıb.