Assanjın hüququndan danışan yoxdur -FAKTLAR

ABŞ-də Assanjı 100 ildən də çox əvvəl qəbul edilmiş qanun əsasında mühakimə etmək niyyətindədirlər


  ABŞ-nin İraq və Əfqanıstanda törətdiyi cinayətlərlə bağlı bir çox məxfi sənədləri dərc edən "WikiLeaks" saytının qurucusu Culian Assanjın saxlanıldığı İngiltərədən ABŞ-yə ekstradisiyası ilə bağlı London Ali Məhkəməsində işin ikinci iclası keçirilib. 
Assanjın ABŞ-yə ekstradisiyası ilə bağlı qərar bir sonrakı tarixə təxirə salınıb. Assanj səhhətində yaranan problemlərə görə dinləmələrə qatılmayıb. Onu casusluqda ittiham edən ABŞ-ni təmsil edən vəkillər Assanjın ekstradisiyası tələbinin qanunun aliliyinə və dəlillərə əsaslandığını iddia edərkən, Assancın müdafiə qrupu ABŞ-yə ekstradisiya işinin siyasi motivli olduğunu və onun hədəf alındığını bildirib. Hakim Viktoriya Sarp iclasdakı ifadəsində Assanjın ABŞ-yə ekstradisiyası ilə bağlı qərarın daha sonra veriləcəyini və əlavə məlumat lazım olarsa, müvafiq tərəflərlə əlaqə saxlayacaqlarını bildirib. Qeyd edilib ki, sonrakı dinləmələr 52 yaşlı avstraliyalı üçün Britaniya məhkəmələrində sonuncu ola bilər. Əgər apellyasiya uğurlu olarsa, Assanjın müdafiəsi Britaniya məhkəmələrində onun ABŞ-yə təhvil verilməsinə etiraz etmək imkanı əldə edəcək. Əks halda onlar bundan məhrum olacaqlar. Belə bir ssenaridə “WikiLeaks”in təsisçisinin ABŞ-yə transferinin qarşısını almaq üçün son imkanlardan biri Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət ola bilər. Assanjın Ekvadorun Londondakı səfirliyindən qovulduqdan sonra 2019-cu ildən bəri saxlandığı Londonun Belmarş həbsxanasından dinləmələrə şəxsən və ya videobağlantı vasitəsilə qatılacağı hələ bəlli deyil. Dörd ildən artıqdır ki, Vaşinqton Londondan onu ABŞ-yə ekstradisiya etməyə çalışır. Məhkəmə binası qarşısında toplaşanlar arasında Culianın həbsdə olarkən nişanlandığı həyat yoldaşı Stella Assanj da olub. Stella deyib ki, onun səhhəti həm ruhi, həm də fiziki cəhətdən pisləşir: "Onun həyatı həbsdə olduğu hər gün risk altındadır və ekstradisiya olunarsa, öləcək".   Assanjın vəkili Cennifer Robinson jurnalistlərə deyib ki, bütün dünyada müstəqil jurnalistlərin statusu işin nəticəsindən asılıdır. Müdafiə tərəfinin mövqeyi uzun müddətdir ki, depressiya və autizmdən əziyyət çəkən Assanjın ABŞ-nin penitensiar sistemində yaşaya bilməyəcəyini və intihar edəcəyini iddia edərək, ekstradisiyadan yayınmağa əsaslanır. Bildirilir ki, Londondakı Ekvador səfirliyində olarkən müttəhim D vitamini çatışmazlığından əziyyət çəkirdi. Qeyd edək ki, İsveç ilkin olaraq 2010-cu ildə cinsi xarakterli cinayətlər ittihamı əsasında Assanjın ekstradisiyasını tələb etmişdi. Jurnalist Stokholmun sonda onu Vaşinqtona təhvil verəcəyindən ehtiyat edirdi. Sonra İsveç prokurorlarının ittihamları üzrə məhdudiyyət müddəti başa çatdı, lakin bundan bir qədər əvvəl, 2019-cu ildə ABŞ səlahiyyətliləri onu məxfi məlumatların açıqlanması da daxil olmaqla 18 cinayət qanununun pozulmasında və “Casusluq aktı” ilə ittiham etdi. Assanj ömrünün 1776 gününü Britaniyanın ciddi rejimli həbsxanasında keçirib. Bundan əvvəl isə ona sığınacaq verən Ekvadorun Londondakı səfirliyində yeddi il faktiki olaraq təcriddə olub. Ekvador Assanjın siyasi sığınacaq hüququnu ləğv edəndə, o, Britaniya polisi tərəfindən həbs edilib. Britaniya məhkəməsi ötən il onun ABŞ-yə ekstradisiyasına icazə verib, müdafiə tərəfi isə apellyasiya şikayəti verib. Əgər Londonda hakimlər qərar versəydi, o zaman ABŞ-də Assanj daha 175 il həbs cəzasına məhkum edilə bilərdi. Beləliklə, bu, Assanjın özünü dünyaya "söz azadlığı və demokratiya çarçısı" kimi təqdim edən ABŞ-yə ekstradisiyası ilə bağlı qərara qarşı son mümkün appellyasiya müraciətidir. Müttəhimin vəkili Edvard Fitcerald bildirib ki, “WikiLeaks”in qurucusu həqiqətə uyğun və ictimai maraqlara cavab verən məxfi məlumatların əldə edilməsi və dərc edilməsi kimi adi jurnalist peşəsi ilə məşğul olduğu üçün mühakimə olunur. Onun sözlərinə görə, Assanj ilə bağlı vəziyyət “dünyada jurnalistlərin haqlı narahatlığına” səbəb olub. Vəkil xatırladıb ki, Assanj ABŞ-yə ekstradisiya olunarsa, o, Vaşinqtonun Əfqanıstan və İraqdakı müharibələrə dair rəsmi sənədlərini, habelə 2010 və 2011-ci illərdə diplomatik məktubları açıq şəkildə dərc etdiyinə görə casusluqda ittiham olunacaq: "Yəqin ki, ona 30-40 il həbs cəzası kəsiləcək. Assanj isə bunu cinayət hesab etmir". “DW” nəşri yazıb ki, ABŞ-də Assanjı 100 ildən də çox əvvəl qəbul edilmiş qanun əsasında mühakimə etmək niyyətindədirlər. Bu qanun Birinci Dünya müharibəsi zamanı satqınları və casusları məsuliyyətə cəlb etmək üçün qəbul edilib və ondan heç vaxt jurnalistləri mühakimə etmək üçün istifadə olunmayıb. Assanj isə ABŞ-nin İraq və Əfqanıstandakı hərbi əməliyyatları ilə bağlı məxfi məlumatları oğurlamaqda və ictimaiyyətə açıqlamaqda ittiham olunur. Onların dediyinə görə, Assanj Amerika vətəndaşlarının həyatını təhlükəyə atıb. Nəşr yazıb ki, əslində, bu məlumatların tam şəkildə dərc edilməsinə görə Assanj məsuliyyət daşımır. 2010-cu ildə “WikiLeaks” platforması onun poçtuna daxil olan məxfi məlumatları işləmək və dərcə hazırlamaq üçün “The New York Times”, “The Guardian”, “Le Monde”, “Der Spiegel” və “El País” kimi media nəşrləri ilə əməkdaşlıq etmişdi. Qapalı məlumatlar bazasının parolunu jurnalistlərdən biri öz kitabında açıqlayıb. Bundan sonra “WikiLeaks” platforması hər kəsin əldə edə biləcəyi bütün məlumatları dərc edib. Amerika səlahiyyətliləri məxfi məlumatların dərcinin kiməsə zərər vurduğuna dair hələ də sübut təqdim etməyiblər. Beynəlxalq Amnistiya Təşkilatının Almaniya bölməsinin baş katibinin müavini Kristian Mir də hesab edir ki, Assanjın işi media azadlığı və insan haqları ilə bağlı fundamental məsələləri gündəmə gətirir. "C.Assanj heç bir cinayət törətməyib, “WikiLeaks” platforması insan hüquqlarının pozulmasını ifşa edib və bu, cinayət deyil", - deyə Mir “DW”-ə şərhində belə açqlama verib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bu məsələdən danışmışdı. Dövlət başçısı Culian Assanjın başına gələnlərin tamamilə qəbuledilməz olduğunu demişdi: "Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Həmin insan səfirliklərin birində illər boyu işgəncəyə məruz qalıb. Hazırda o, işgəncədədir. Mən burada mənəvi işgəncəni nəzərdə tuturam. Onun fiziki işgəncəyə məruz qalmasını bilmirəm. Bilmədiyim məsələni deyə bilmərəm. Lakin o, bəzi mənbələrdən əldə etdiyi müəyyən məlumatı açıqladığına görə əzab-əziyyətlərlə üzləşib. Bəlkə də, o, səhv edib, yaxud qaydaları pozub. Bununla belə, Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsinizsə, deməli, siz diktatorsunuz. Ona görə dedim, baxın Culian Assanjın məsələsinə, görün həmin insanla siz nə etdiniz? Onda siz kimisə bu məsələdə necə ittiham edə bilərsiniz? Həmin hadisə sizin tarixinizdə ən qara səhifədir. Siz də qeyd etdiyiniz kimi, iki ildən çox vaxt keçir və hazırda Culian Assanj haradadır? O, hələ də həbsxanadadır. Hələ də həbsxanadadır. Kimsə onun haqqında danışır? Yox".