Farsdilli Ölkələr Birliyi yaradılır? -ŞƏRH

İranın bu planı Türk Dövlətləri Birliyinə alternativ olaraq irəli sürülüb

“Əgər Tacikistan buna qol qoysa belə, ancaq özünə ziyan vuracaq. Çünki bu birlik başqalarına yox, sırf İranın öz maraqlarına xidmət üçün nəzərdə tutulur”


  İranın Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının sədr müavini Əli Darayi Farsdilli Ölkələr Birliyinin yaradılması ideyasını gündəmə gətirib və reallaşdırılması üçün İşçi qrupunun təşkil olunmasını təklif edib. Darayi bu təklifi İran-Tacikistan ortaq mədəni irsi ilə bağlı keçirilən tədbirdə irəli sürüb. Tədbirdə Tacikistan nümayəndə heyəti və Düşənbənin Tehrandakı səfirliyinin nümayəndələri iştirak edib. Əli Darayi hər iki ölkənin mədəni və milli irsinin beynəlxalq səviyyədə qeydə alınması ilə bağlı əməkdaşlıq edəcəklərini söyləyib. Qeyd edək ki, İran Tacikistanda siyasi-ideoloji təbliğat apardığına və bu ölkədə radikal dini cərəyanları dəstəklədiyinə görə rəsmi Düşənbə Tehranla münasibətdə ehtiyatlı davranır.
  
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, İranın bu planı Türk Dövlətləri Birliyinə alternativ olaraq irəli sürülüb. Ekspert vurğulayıb ki, Tehran hökuməti hər zaman iddia edir ki, İran guya milli məsələlərə önəm vermir, ümmətçilik prinsiplərini və İslam dəyərlərini əsas götürür: 
"Lakin belə addımlar sübut edir ki, İranda aparılan şovinist siyasət, türk xalqlarına qarşı basqı həqiqətdir. İran uzun illər gizli apardığı fars şovinist siyasətini artıq üzə vurur, açığa çıxarmağa məcbur olur. Buna baxmayaraq, farsdilli ölkə olaraq Əfqanıstan əsla İranın bu oyununa gəlməz. Tacikistan isə tamamilə İranın radikal dini təmayüllü, məzhəbçi, dünya tərəfindən qəbul edilməyən ideologiyasına alət olmaz. Hazırda farsdilli ölkələr İran, Əfqanıstan və Tacikistandır. Qeyd etdiyim kimi bu ölkələrin köklü, iqtisadi, ideoloji, siyasi, regional fikir ayrılıqları var. Bəzi məsələlərdə də tamamilə bir-birinə əksdirlər. Türk Birliyi və türk dövlətlərindən fərqli olaraq farsdilli ölkələrin birləşməsinin bazası yoxdur. Zəngəzurda hərbi baza açmaq istəyi, indi isə fars birliyi yaratmaq haqda bəyanatlar İranın Türkiyə, Azərbaycan və türk ölkələrin birliyindən narahatlığına görədir. Zəngəzur məsələsinə əngəl yaratmaq, Ermənistana bu qədər qahmar çıxmaq kimi prinsiplər İranın Türkiyə və Azərbaycandan son dərəcə ehtiyat etməsindən qaynaqlanır. Çünki soydaşlarımızın İranda zülm içində çabalaması, tarixən də o coğrafiyalarda türk dövlətlərinin hökm sürməsi tarixin təkrarlanması ehtimalını istisna etmir. İran da bunu gözəl başa düşür. Fəqət Türkiyə, Azərbaycan və Türk Birliyi Dövlətləri səmimidir və özünəinamlı olaraq nə İrana, nə də özlərinə qarşı səmimi olan ölkələr əleyhinə məkrli siyasət aparmır, dağıdıcı maraq güdmür. Sadəcə, İran xofludur, gah qonşusu Pakistan, Əfqanıstan, gah da Azərbaycan və digər ölkələr ilə problem yaşayacaq həddə gərginlik yaradır". 

  Analitikin fikrincə, müsəlman ölkələri ilə anormal münasibətdə olan bir ölkənin indi də belə fikrə düşməsi onu daha da təcrid edəcək: 
"Əgər Tacikistan buna qol qoysa belə, ancaq özünə ziyan vuracaq. Çünki bu birlik başqalarına yox, sırf İranın öz maraqlarına xidmət üçün nəzərdə tutulur. İran nə zaman dini bir ölkələrlə dil tapıb birliyə gəldi ki, indi də dili bir ölkələrin birliyini yaradır?! Bu, absurddur. Türk dövlətləri farsdilli ölkələrdən daha çoxdur və birliyi də daha qədim tarixi kökə dayanır. Ən vacibi də odur ki, bu birlik artıq mövcuddur. İran daxildə yaşayan türk xalqını yox sayaraq fars kimi özünü təsdiq etmək istəyir. Hətta Rusiya belə Türk birliyinə isti yanaşdığı halda İranın bu birlikdən qaçıb fars birliyinə meyl etməsi yenə də özünü həm müsəlmanlardan, həm də türklərdən uzaq tutması deməkdir. İran nə qədər fars kimliyini irəli sürsə də, daxildəki türk xalqları da buna etiraz edəcək və bu, İran üçün daxili problemləri daha da artıracaq".