Çinlilər ildə bu qədər pulu eşşək dərisinə, maral buynuzuna, at dırnağına, dağ ot-ələfinə xərcləyirlər
"Təxminən 7 il əvvəl Çində adambaşına düşən istehlak normasının 1 dollar müəyyən edildiyi haqda rəsmi xəbər veriləndə buna istehza ilə yanaşanlar olmuşdu. Qərbdəki, hətta bizdəki istehlak normalarına yaxınlaşmaq üçün illər, bəlkə də 10 illər lazım gəldiyini demişdilər. Ancaq bu rəqəm günə 1,5 milyard, ilə 558 milyard dollarlıq istehlak gücü deməkdir. İndi o rəqəm iki dəfə artıb, yaxın 10 ildə daha iki dəfə artacaq. Bəs bu, dünyaya nə vəd edir?". Bu barədə politoloq Cəmaləddin Quliyev deyib. Ekspert bildirib ki, türk mediasında bir müddət əvvəl maraqlı araşdırma dərc olunmuşdu. Araşdırmaya görə, türk broyler müəssisələri kəsimə getməmiş toyuqların qıçlarını kəsib ayrıca Çinə göndərirlər: "Çünki Çində toyuq qıçları delikatesdir. Tələbat o qədər çoxdur ki, toyuqları kəsimə göndərməzdən öncə ayaqlarından məhrum etməyi məqbul sayıblar. "BBC" isə Afrikada ildə 6 milyona qədər eşşəyin tələf edilməsi haqda reportaj hazırlamışdı. Deməli, Çin ənənəvi təbabətində eşşək dərisindən hazırlanan jelatin "cavanlıq iksiri" sayılırmış. Üstəlik, həmin jelatin şorbalar hazırlanmasında da geniş istifadə edilir. Çinlilərin istehlak qabiliyyəti artdıqca, hələ qulaqlarımız çox qəribə məlumatlar eşidəcək. Ukraynalı tanınmış jurnalist Dmitri Komarovun “Mir naiznanku” verilişində Çindən hazırladığı silsilə reportajlarda izlədiyim ən maraqlı faktlardan biri məhz ənənəvi Çin təbabətinin yaratdığı istehlak bazarı ilə bağlı idi. İldə təxminən 70-80 milyard dollarlıq bazardan söhbət gedir. Çinlilər ildə bu qədər pulu eşşək dərisinə, maral buynuzuna, at dırnağına, dağ ot-ələfinə və s. xərcləyirlər. 1989-cu ildə Azərbaycan dərman bitkiləri, cır meyvə ixracından 300 milyon dollar gəlir əldə edib. Çinlilərin istehlak qabiliyyətinin artması üzümüzə bundan dəfələrlə artıq ixrac imkanları açır. Güman ki, indiki nəsil Çinin dünyanın ən böyük istehlak bazarına çevrilməsinin şahidi olacaq. İndi ABŞ və Avropa bazarına çıxmaq böyük imtiyazdır və az qala, bütün dünya sənayesi o bazarlar üçün işləyir. Amma yaxın müddətdə belə durum Çində də olacaq. Hazır olsaq, o bazarın tələbatı yalnız neft və qaza deyil. Üfüqdə daha böyük imkanlar görünür...".