Proses artıq başlayıb: Ermənistan öz sonuna doğru gedir

Son günlər Ermənistanda müzakirə edilən başlıca mövzu ölkənin hansı yolu seçməsidir. Cəmiyyət Qərbə inteqrasiya ilə Rusiyanı seçmək arasında qütbləşib. Cəmiyyətdaxili fikir ayrılıqları və qütbləşmə özünü daha çox siyasi arenada qabarıq şəkildə büruzə verir.
Bəzi ekspertlər hesab edir ki, Ermənistandakı mövcud vəziyyət ölkənin iki hissəyə parçalanması ilə nəticələnə bilər: şimalı Paşinyanın hakimiyyətində Qərbmeyilli, cənubu isə Rusiyameyilli olaraq qalacaq.
Qeyd edək ki,  Ermənistanda kilsə başçısı hərbçiləri çevrilişə çağırıb.
  Erməni Apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan maraqlı bəyanatla çıxış edib.
Caliber.azın xəbərinə görə, o, təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb. “Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”.
Maraqlıdır, bu versiya nə dərəcədə doğrudur? Ermənistanı  necə gələcək gözləyir?

  Siyasi şərhçi Asif Nərimanlı  da "Sherg.az"a açıqlamasında deyib ki,  Ermənistan hakimiyyətinin siyasi oriyentasiyasının Qərbə doğru dəyişməsindən sonra daxildəki siyasi və ictimai düşüncədə parçalanmalar gözlənilən idi: 
"Proses artıq başlayıb. Hələlik fəlakət həddində olmasa da, Ermənistan öz sonuna doğru gedir. 
  Ermənistanın dövlət hüceyrələrinin əksəriyyəti Rusiyanın təsiri altında olub və Rusiya "forpost" elan etdiyi Ermənistanın əlinin altından çıxmasına  belə asanlıqla imkan verməyəcək. Sadəcə olaraq Ukrayna müharibəsinə görə Rusiya Ermənistanın davranışlarına səbrli yanaşır. 
Daha doğrusu, Ermənistan siyasi  hakimiyyəti hələlik Rusiyanın maraqlarına zidd olacaq ciddi bir addım atmayıb. Rusiya sərhədçilərinin "Zvartnots" Beynəlxalq Hava Limanından çıxarılması məsələsi gündəmdə olsa da, bununla bağlı real addım ata bilmirlər. Fikrimcə, Rusiya Ermənistanda 102-ci hərbi baza qaldığı, onun çıxarılma təhlükəsi olmadığı müddətdə baş verənləri sadəcə müşahidə edəcək.
Rusiya bilir ki, indiki situasiyada Ermənistan hakimiyyətinə müxtəlif şəkildə müdaxilə edərsə, bu, Nikol Paşinyanın anti-Rusiya mövqeyini sərtləşdirəcək və Qərbə inteqrasiya üçün  əlinə əsas verəcək". 

  A.Nərimanlının sözlərinə görə, hələlik bütün məsələlər müzakirə mərhələsində olduğu üçün Ermənistanın coğrafi parçalanmasından danışmaq üçün tezdir: 
"Paşinyan hakimiyyətinin dəyişilməsi də real görünmür. Hər nə qədər Paşinyanın reytinqi aşağı olsa da, rəqibləri ilə müqayisədə, daha arzuolunandır.
  Ordunun daxilindəki rusmeyilli qüvvələrin Paşinyan hakimiyyətinə qarşı silahlı inqilab ehtimalı realdır, lakin ordunun böyük hissəsi hökumətin nəzarətində olduğundan uğurlu olacağına ümid etmirəm.  Əlbəttə, Ermənistan hərbi sistemində Moskvaya bağlı qrupların olması istisna deyil. Lazım olarsa, ordu daxilindəki şəbəkə aktivləşə bilər. Biz bunu Onik Qasparyanın Baş Qərargah rəisi olduğu dövrdə gördük. Faktiki olaraq hərbi qiyam qaldırıldı. Daha sonra Nikol Paşinyan Onik Qasparyanı uzaqlaşdırmaq üçün qiyam qaldıran zabitləri  bağışladı. Hər nə qədər müəyyən dəyişikliklər etməyə çalışsa da, həmin şəxslər hələ də orduda qalırlar. Lazım olacağı halda hərəkətə keçə, hakimiyyətə problemlər yarada bilərlər.
  Kilsənin və Rusiyanın dəstəyini alan  qruplaşma dövlət  binalarını tuta və hazırkı hakimiyyəti istefaya məcbur edə bilər. Lakin Qərbin dəstəyini arxasına alan Paşinyan  asanlıqla hakimiyyəti təhvil verməyəcək və proses vətəndaş qarşıdurmasına çevriləcək".
Şəymən